Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artmaqdadır

Statistikaya görə, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artmaqdadır. BBC News Azərbaycancaya danışan bəzi keçmiş narkotik istifadəçiləri deyirlər ki, Azərbaycanda müalicə ala bilsələr də, reabilitasiya proqramları onları qane etmir, buna görə də onlar yenidən narkotikdən istifadəyə qayıtmağa məcbur olurlar.
Səhiyyə Nazirliyinin BBC News Azərbaycancaya verdiyi məlumata görə, Azərbaycanda 2015-ci ildə 29 minə yaxın, 2018-ci ildə isə 32 minə yaxın qeydiyyatda olan narkotik istifadəçisi olub. İllər üzrə artım isə 600-1300 nəfər arasında dəyişib.
Nazirlik deyir ki, Respublika Narkoloji Mərkəzin mütəxəssislərinin hazırladığı “Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqramı” 2014-cü ildən tətbiq olunur.
Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçehri deyir ki, “Azərbaycanda narkotik istifadəçilərinin reabilitasiya proqramı hələ yeni qurulur”.
Reabilitasiya prosesinin qarşısında duran ən böyük problemlərdən biri “narkotik istifadəçilərinin cəmiyyətlə olan konfliktidir”, Araz Manuçehri söyləyir.
Araz Manuçehri deyir ki, Azərbaycanda narkotik istifadəçilərinin reabilitasiyası və cəmiyyətə qaytarılması sahəsində həm psixoloqlar, həm də sosial işçilər çatışmır. Bu isə reabilitasiya prosesini çətinləşdirir. “Azərbaycanda narkomanların sayı çoxdur, mütəxəssislərin sayı az. Psixoloqlar çatışmır, sosial işçilər yoxdur”.
Azərbaycanın Səhiyyə Nazirliyi son 5 ildə Azərbaycanda narkotik maddələrdən istifadə zamanı 8 nəfərin öldüyünü deyir. Qurum respublika üzrə narkotik istifadəçilərinin müalicə və reabilitasiya proqramlarının plan üzrə icra olunduğunu və genişləndirildiyini bildirir.