Əli Həsənovun oğlu əsgərliyə getmədən hərbi bilet alıb?

Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın keçmiş işçiləri hər məhkəmə iclasında onlarla bağlı yeni ittihamlar səsləndirib. Bu mənada, avqustun 16-da keçirilən məhkəmə iclası da istisna olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində S.Vəliyevanın təsisçisi olduğu “Kaspi Liseyi”nin baş mühasibi Tural Məmmədov və mühasibi Fərahim Möhbalıyevin işinə baxılır. Onlar Cinayət Məcəlləsinin 179.4 maddəsilə – “Kaspi Liseyi”nə valideynlərin ödədiyi pullardan 565 min manat mənimsəməkdə ittiham olunur.
Təqsirləndirilən Fərahim Möhbalıyev məhkəmədən narazılıq edərək bildirib ki, bu işə obyektiv baxılmır. Onun sözlərinə görə, ilk gündən Əli Həsənovun təsiri nəticəsində normal istintaq aparılmayıb: “İndi də məhkəmə eyni cür davam edir. Vəkillərimizin heç bir vəsatəti təmin olunmur. Təmin olunsa, araşdırılsa, çox şey üzə çıxa bilər”.
Təqsirləndirilən T.Məmmədov bildirib ki, onları cinayətdə ittiham edənlərin özlərinin xeyli cinayətləri var, amma vəzifələrindən sui-istifadə edib, ört-basdır edirlər: “Sona Vəliyevagilin şirkətlərində bilirsiz nələr baş verir? Əmisi oğlanları nələr eləyirlər… İşçiləri müqaviləsiz işlədirdilər. Bir işçi öldü, ört-basdır elədilər. Əli Həsənov əlaqələrindən istifadə elədi, Daxili İşlər Nazirliyinə, prokurorluğa tapşırdı. Sona Vəliyevanın oğlu əyninə bir gün hərbi forma geyinməyib, amma hərbi bilet alıb. Necə?”
Onlar şikayətləniblər ki, Əli Həsənovdan Prezidentə ünvanlanan şikayətləri gedib ünvanına çatmağa qoymurlar: “Elnur Əliyev (“Kaspi Liseyi”nin direktoru) deyir ki, ölkənin sahibi bizik, kimə istəyirsiz, şikayət eləyin”.
Əli Həsənov və xanımı məhkəmədə səsləndirilən iddialarla bağlı heç bir açıqlama verməyib.