İctimaiyyət

Deputatın oğlu “Relax” İstirahət Mərkəindəki insidentlə bağlı həbs edilib

Lerik rayonunda “Relax” İstirahət Mərkəzində baş verən insidentlə bağlı 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında deyilir.

Sosial şəbəkələrdə “Relax” İstirahət Mərkəzinə yoxlama apamaq üçün gələn vergi müfəttişlərinin mərkəzə buraxılmaması, polis və vergi əməkdaşlarına fiziki güc tətbiq edildiyi əks olunan video paylaşılıb.

Məlumatlarda istirahət mərkəzinin 78 saylı Lerik seçki dairəsindən Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu bildirilir.

Rəsmi məlumatda deyilir ki, Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət və turizm mərkəzində cari il avqustun 16-da vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri çərçivəsində vergi nəzarəti tədbirləri keçirilməsi planlaşdırılıb.

Məlumatda bildirlir ki, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onların qanuni fəaliyyətini həyata keçirməsinə maneələr törədilib.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Mirhəmid Nərimanlı (Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu), Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Deputat İqbal Məmmədov “Relax” İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb.

Daha çox göstər
Back to top button