İctimaiyyət

Bakı Metropoliteni sədrinin milyonçu oğlu

Zaur Hüseynovun neftçi oğlu Britaniyada daşınmaz əmlak biznesi ilə məşğuldur. “Meydan.Tv” yazır ki, o, Plimut şəhərində (İngiltərə) “Pinnacle West Limited” şirkətini alır. Qısa müddətdə onu inkişaf etməkdə olan daşınmaz əmlak şirkətinə çevirir.
“Pinnacle West Limited” şirkəti iyun ayında növbəti maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, onun daşınmaz əmlaka yatırımları bu ilin fevral ayının sonuna 3 milyon 255 min funt təşkil edir. Bundan əlavə, şirkətin 1,5 milyon funtdan çox digər aktivləri (davam edən inşaat işləri və s.) də var. Hesabatlarda bu pulların mənbəyinin bank krediti deyil, “digər borc” olduğu göstərilir. Amma borcu bu gəncə kimin və hansı şərtlərlə verdiyi hesabatda əks olunmayıb. Təkcə son bir il ərzində Həbib Hüseynzadənin şirkəti 3,5 milyon funt məbləğində ortamüddətli borc götürüb.
“Pinnacle West Limited” şirkəti tikinti ilə məşğuldur və Callington əyalətinin (İngiltərənin cənub-qərbi) kəndlərindən birində ikimərtəbəli yaşayış evi inşa edib.

Şirkəti 2016-cı ilin fevralında Azərbaycanla sıx biznes təmasları olan Morqan Filips 50 funt məbləğində kapitalla təsis edib. Həmin ilin oktyabrında şirkətə nəzarət Həbib Hüseynzadəyə keçib. “Pinnacle West Limited” şirkətinin qeydiyyat ünvanı Plimut şəhərində Houndiscombe küçəsi, 6 nömrəli evdir. Bura hüquqi yardım xidmətləri göstərən şirkətlərdən birinin baş ofisidir. Həbib Hüseynzadənin şirkətinin faktiki ünvanı isə Morqan Filipsin çoxsaylı şirkətlərindən birinə məxsus Plimutdakı Embankment küçəsindəki mülkdür. M.Filipsin “Guardian Industrial (UK) Limited” şirkəti2016-cı ildə “Azərişıq” QSC-yə 4 647 176 manat 52 qəpik dəyərində 1 fazlı və 3 fazı elektron sayğaclar satıb. Sayğacların alınması tender yolu ilə olsa da, onların sayı ictimaiyyətə açıqlanmayıb. Bu tenderin qalibi “Guardian Industrial (UK) Limited” və onun Azərbaycandakı törəməsi olan “Abşeron Engineering” MMC ortaqlığı olub. Amma onların heç biri istehsalçı deyil. “Guardian Industrial (UK) Limited” şirkəti Azərbaycana satdığı elektrik sayğaclarını bu ölkənin “Landis+Gyr” şirkətindən tədarük etdiyini bildirir. Bu şirkət elektrik enerjisi sayğacları ilə yanaşı, təbii qaz və su sərfiyyatını ölçmə cihazlarının istehsalçısıdır.

2008-ci ilin iyul ayında Bakıda yaradılan “Abşeron Engineering” MMC-nin direktoru Morqan Filips, təsisçisi isə onun həyat yoldaşı, Rusiya vətəndaşı Mayina (Emirxanova) Filipsdir. Bu ailə Azərbaycanda biznesə 2004-cü ildə başlayıb və burada daha bir neçə şirkəti (“Guardian İndustrial Azərbaycan” MMC, “Kaspi LM” MMC, “LMP İnternational” MMC, “QBS Qafqaz Bizness Servisləri” MMC və “BBX Beynəlxalq Bizness Xidmətləri” MMC) var. “Abşeron Engineering” MMC-nin korporativ internet saytında şirkətin Azərbaycandakı digər biznes qurumları ilə bərabər, “Azərişıq” ASC və “Bakı Metropoliten” QSC ilə də əməkdaşlıq etdiyi göstərilir. Metropoliten bu şirkətdən kommersiya və layihə idarəetmə xidmətləri əldə edib. Amma dövlət satınalmaları portalında bunu təsdiq edən məlumat yoxdur.

Beləliklə, Britaniyada biznesini qurarkən Həbib Hüseynzadənin digərinə deyil, məhz Morqan Filipsə müraciət etməsinin səbəbləri aydın olur. Qeyd edək ki, Morqan Filips hələ də “Pinnacle West Limited” şirkətinin direktorlarından biridir və onu Həbib Hüseynzadə ilə birlikdə idarə edir.
Amma Həbib M.Filipsin biznesə dəstək verdikləri Azərbaycan vətəndaşlarının yalnız biridir. Rüfət Qasımov “Sun Property Development Limited” şirkətini, Ər Toğrul Musayev isə “RS Twenty 2 Limited” şirkətini Morqan Filipsin iştirakı ilə qurublar.

Həbib Hüseynzadənin özəl biznesdə iştirakının çevrəsi Britaniya suları ilə məhdudlaşmır, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri) sahillərinədək gedib çıxır. O, burada neft və qaz investisiyalarının rəqəmsal aktivlərə çevrilməsi məqsədilə yaradılan “Permian Holding SPV Ltd” şirkətinin müstəqil direktorudur. Bu şirkət Şərqi Texasda (ABŞ) kəşfiyyat və hasilatla məşğul olan bir Kanada şirkətində ümumi paya sahibdir.
Həbib həm də avtomobil həvəskarıdır. O, hər ikisi “090” nömrəsi daşıyan “Chevrolet Camry” və “Audi S7” minik avtomobillərinə sahibdir.

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, Azərbaycan Avropa məkanında vəzifəli şəxslərin gəlirləri bəyan edilməyən yeganə ölkədir.

Daha çox göstər
Back to top button