İctimaiyyət

İDİ: 2011-2018-ci illər arasında inzibati həbslərin sayında 2 dəfədən çox artım olub

2011-2018-ci illərdə inzibati həbslərin sayı 3299 nəfərdən 8449 nəfərə çatıb. Yəni 2 dəfədən çox artıb. 2018-ci ildəki 8449 həbsin 78-i siyasi motivli olub.
Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) hesabatında bildirilir.

İnstitut siyasi motivli inzibati həbsə məruz qalmış 15 şəxsdən aldığı müsahibələr əsasında inzibati həbslərdə pis rəftar və saxlanma yerlərinin vəziyyəti ilə bağlı analiz aparıb. Analiz nəticəsində müəyyən olunub ki, həbs edilən şəxslər polisdə olarkən pis rəftara, saxlanma yerlərində sözlü təzyiqlərə məruz qalıblar. Onlara az qida verilib, sanitariya qaydalarına əməl olunmayıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi statistikaya əsasən, 2011-2018-ci illər arasında inzibati həbslərin sayında 2 dəfədən çox artım olub. 2011-ci ildə inzibati məsuliyyətə cəlb edilmiş 28,026 şəxsdən 3,299-u, 2018-ci ildə 62,110 şəxsdən 8,449 şəxs inzibati həbsə məruz qalıb. Bu 8,449 şəxsin ən azı 78-nin siyasi motivlərlə həbs olunduğu faktlarla təsdiq olunub.

İnstitut hesab edir ki, siyasi motivli həbslərin sayı 78-dən yüksəkdir.
Hesabatda o da bildirilir ki, son 2 ildə ictimai fəalların məruz qaldığı inzibati həbslərin 90 faizə qədəri polisə müqavimət ittihamı ilə həyata keçirilib. 20 oktyabr 2017-ci il tarixli dəyişikliyə əsasən, 227-ci maddədəki, “Xırda talama”ya görə nəzərdə tutulan “iki ayadək” inzibati həbs cəzası “üç ayadək” həbs ilə əvəz edilib

“Bundan əlavə, 14 may 2013-cü il dəyişikliyə əsasən, əvəllər maksimum həbs müddəti 15 gün idisə, indi bu müddət 90 günə qədər artırılıb. Eyni dəyişikliyə görə, 68-ci maddədəki 15 günədək həbs cəzası 2 ayadək həbslə əvəz olunub”.
İnstitut hesab edir ki, inzibati həbslərdə saxlanma yerləri də tələb olunan standartlara cavab vermir. Saxlanan şəxslər polisin fiziki və psixoloji zorakılığına məruz qalırlar.

Bundan əlavə, hesabatda o da deyilir ki, inzibati həbsə məruz qalanlar heç bir əsas olmadan polis bölmələrinə aparılır, ədalətli araşdırma olmadan polislərin rəyinə əsasən, məhkəmələr qərar çıxarıb onları inzibati həbsə məhkum edirlər.

Daha çox göstər
Back to top button
Close