İctimaiyyət

Gəncəlilərin Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası

2018-ci il Gəncə hadisələri ilə bağlı həbs edilmiş şəxslərin valideynləri bu gün Prezident Administrasiyası qarşısında növbəti etiraz aksiyası keçiriblər. Onlarla qadın yürüş edərək, “təqsirsiz olan və saxta ittihamlarla həbs edilən” övladlarının azad edilməsi tələbi səsləndirib.

“Nədir bunların günahı? Sübut olmadan bu maddələri uşaqlarımıza yükləyiblər. Biz buna dözə bilmirik. Bizim prezidentimiz görmür ki, biz analar zülm çəkirik? Dərdimizi kimə deyək? Bir il iki aydır bizim balalarımız içəridə yatıb. Bizi Azərbaycandan rədd edin, çıxaq gedək!”, deyə etirazçılardan biri bildirib.

Polis əməkdaşları aksiyanı işıqlandıran jurnalistlərdən çəkilişi dayandırmağı tələb ediblər. Daha sonra Prezident Administrasiyasının əməkdaşları valideynləri binaya dəvət ediblər. Həbs edilən şəxslərin valideynləri müntəzəm olaraq Bakıda və Gəncədə bu cür aksiyalar keçirirlər, bunun sayəsində bir neçə məhkumun azadlıqdan məhrumetmə müddəti azaldılıb.

Daha çox göstər
Back to top button