İctimaiyyət

İkram Rəhimov məhkəmədə dövlət başçısının köməkçisinin sifarişi ilə həbs edildiyini təkrar edib

Bakı Apellyasiya Məhkəməsində çərşənbə günü realliq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə proses davam edib.

İclas başlamazdan əvvəl o, Turan-ın müxbirinə bildirib ki, 22 gündür aclıq edir və vəziyyəti kritikdir.

Rəhimov daimi həkim müşahidəsi altında olduğunu və prosesdə iştirak edə bilməsi üçün iclasdan əvvəl ona iynə vurulduğunu bildirib. Rəhimov həddindən artıq zəif görünürdü.

İclasda həmçinin Apellyasiya Məhkəməsi sədrinin Rəhimovun hakim heyətinə etirazını təmin etmədiyi elan edilib.

Vəkil Elçin Sadıqov təkrar məhkəmə istintaqı keçirilməsi barədə vəsatət qaldırıb, belə ki, birinci instansiya məhkəməsində bütün zərərçəkmişlərin ifadələri saxtalaşdırılıb. O, həmçinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb, belə ki, Rəhimov 22 günlük aclıqdan sonra çox zəifləyib və həbs şəraitində sağlamlığını bərpa edə bilməz.

Rəhimov özü vəziyyəti haqqında danışmaq istədikdə hakim onun sözünü kəsib və deyib: “Mən hakiməm, həkim deyiləm”.

Məhkəmə müşavirəyə getdikdə Rəhimov bəyanat verib. O, təkrar edib ki, prezidentin köməkçisi Əli Həsənovun sifarişi ilə həbs edilib.

Həsənovun ünvanına tənqidi nəşrlərdən sonra Mətbuat Şurası misli görünməmiş addım ataraq, Baş Prokurorluğa və DTX-yə onu cəzalandırmaq çağırışı ilə müraciət edib. O qeyd edib ki, ədalət bərpa olunana qədər aclığı davam etdirəcək, ya da öləcək.

Müşavirədən sonra məhkəmə yalnız xəstəliyi ilə əlaqədar birinci instansiya məhkəməsinə ifadə verməyən bir zərərçəkmişin dindiriləcəyini elan edib. Digər vəsatətlər təmin edilməyib, növbəti iclas sentyabrın 18-nə təyin edilib.

Daha çox göstər
Back to top button