Seymur Həzi: «İttiham qərəzli, məhkəmə qərarı isə ədalətsiz idi».

«Mənim barəmdə 5 il öncə verilən ittihama da, məhkəmə qərarına da münasibətim dəyişməyib. İttiham qərəzli, məhkəmə qərarı isə ədalətsiz idi».
Bunu AzadlıqRadiosuna avqustun 29-u səhər saatlarında həbsdən azad olunan jurnalist Seymur Həzi bildirib. O vurğulayıb ki, həbsdəki bu 5 ili idmanla məşğul olub: «İdmanla məşğul olmuşam, çox kitab oxumuşam. Yəni, bu 5 il həyatimdan heç nə çala bilmədi, əksinə, bəzi müsbətləri əlavə etdi».
S.Həzi hesab edir ki, həbsi hökumətin media tənqidinə dözümsüzlüyünün göstəricisidir: «Bununla hökumət göstərdi ki, tənqid üçün açıq deyil və tənqidə görə cəzalandırma yolu tutub».
S.Həzi həbsdən səhərin erkən saatlarında buraxılmasına da münasibət bildirib: «Bu, hər şeydən öncə mənim təntənəli qarşılanma mərasimimin qarşısını almaq üçün edildi, elə bunun özü də hökumətin qorxusunun ifadəsidir».
O, daha sonra da əlavə edib ki, həbsdə olduğu 5 ildə azadlığa çıxmaq haqqında da düşünməyib: «Hakimiyyətdən də bağışlanmaq gözləməmişəm…».
Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə fundamental azadlıqlar qorunur. Onların bildirməsinə görə, heç kim fikir və tənqidi mövqeyinə görə həbs edilmir.