Realliq.info saytının redaktoru 27 gündür aclıq edir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan realliq.info saytının redaktoru İkram Rəhimov 27-ci gündür aclığı davam etdirir.
Bu barədə Rəhimovun ailəsindən Amerikanın Səsinə bildiriblər.
“Biz, ailə üzvləri avqustun 31-də İkram Rəhimovla görüşdük. Onun səhhəti kritikdir. İkram aclığı dayandırması üçün ona təzyiq edildiyini, hansısa sənədə qol çəkməsini istədiklərini təkid etdiklərini dedi. O bildirdi ki, ədalət bərpa olunmasa ölənədək aclığı davam etdirəcək. Xərəbdarlıq etdi ki, zorla qida qəbul etdirsələr özünə xəsarət yetirəcək,” jurnalistin ailə üzvü Amerikanın Səsinə deyib.
Avqustun 30-da Qırmızı Xaç Komitəsinin həkimləri İkram Rəhimovu müayinə edib və vəziyyətinin ciddi şəkildə pisləşdiyini müəyyən ediblər. Həkimlər onu aclıqdan imtina etməyə çağırıblar, amma Rəhimov imtina edib.
Öz növbəsində, sentyabrın 2-də Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildirblər ki, İkram Rəhimov aclığı davam etdirir.