İqtisadçı: Hazırda Azərbaycandakı əmək haqqı MDB ölkələri arasında ən aşağı olanıdır
“Azərbaycanda minimum əmək haqqının artmış formasının nə qədər olacağını bilmirəm. Onu hesablamaq üçün azı bir ay lazımdır. Gərək rəsmi rəqəmlər açıqlana sonra hesablayaq. Ancaq iyulun 1-nə olan statistikaya görə Azərbaycandakı əmək haqqı MDB ölkələri arasında ən aşağı olanıdır. Bunun üçün MDB Statistika Komitəsinin məlumatına baxmaq kifayətdir”.
İqtisadçı, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu belə deyir.
Prezident İlham Əliyevin iyunun 18-də verdiyi Sərəncama əsasən, aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb.
Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minib. Ona qədər minimum aylıq maaşın məbləği 180 manat olub.
Hazırda bu, gündəmi zəbt edən əsas mövzudur. İqtisadçı deyir ki, çox güman ki, çıxış edənlər Azərbaycanın əmək haqlarının səviyyəsinə görə lider dövlətə çevrildiyini bəyan edirlər. Əvvəlki statistikalara baxanda isə biz belə olmadığını görürük:
“Keçmiş Sovet respublikalarında 2019-cu ilin iyulunda orta aylıq nominal əmək haqlarına diqqət yetirək. Rusiyada 1265, Belorusda 880, Qazaxıstanda 741, Ukraynada 729, Moldovada 698, Gürcüstanda 647, Ermənistanda 646, Azərbaycanda isə bu rəqəm 593 manatdır. Bu baxımdan yalnız Qırğızıstan, Özbəkistan və Tacikistan Azərbaycandan geri qalır. Belə ki, Qırğızıstanda bu rəqəm 402, Özbəkistanda 380, Tacikistanda isə 236 manatdır”.
İqtisadçı deyir ki, təkcə bu faktlara baxmaqla anlamaq olar ki, kim düz deyir, kim yalan danışır: “Azərbaycanda orta aylıq əmək haqqı hətta artımdan sonra belə böyük bir məbləğə çevriləcəyini düşünmürəm. Üstəlik, əmək haqqı artımı təkcə Azərbaycanda olmayacaq. Sentyabrın 1-dən bəzi işçilərin əmək haqqı artımı Gürcüstanda, Özbəkistanda, Ukraynada da elan olunub. 1 sentyabrdan sonrakı göstəriciləri də təqdim edəcəm, ona ən azı 1 ay vaxt lazımdır ki, rəsmi məlumatlar açıqlansın”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min insanı əhatə edəcək. Əməkhaqqı 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq: