Jurnalist Azər Kazımzadə alman polisi tərəfindən saxlanılıb

Almaniyanın Deggendorf şəhərindəki qaçqın kampında baş verən kütləvi davaya görə daha bir nəfər azərbaycanlı da saxlanılıb. O, jurnalist, hazırda Almaniyada mühacirət həyatı yaşayan Azər Kazımzadədir.
Meydan TV yazır ki, bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.
Bildirib ki, bu barədə ona Deggendorf Kriminal Polisindən zəng edərək məlumat veriblər:
“Avqustun 20-də Deggendorfda afrikalılarla azərbaycanlılar arasında baş verən kütləvi dava faktına görə jurnalist Azər Kazımzadəni saxladıqlarını bildirdilər. Bildiyiniz kimi həmin tarixdə Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı düşərgədə baş verən kütləvi dava faktına görə cinayət işi başlamış və davada iştirak edən dörd azərbaycanlı bu vaxta kimi həbs edilmişdi”.
Əlövsət Əliyev deyir ki, Azər Kazımzadə də həmin faktla bağlı saxlanılıb və o, vəkilsiz ifadə verməkdən imtina edib.
Avqustda Almaniyanın Deggendorf şəhərindəki qaçqın sığınacaqlarından birində Nigeriya və Azərbaycandan olan 30-a yaxın şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanların olduğu deyilir. Kamp binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.
Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sərbəst buraxılıb.
Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla araşdırma aparır.