Yenə təmir olunan küçə çöküb

Sentyabrın 3-də Bakı şəhəri, Biləcəri qəsəbəsi, Natavan küçəsinin bir hissəsi çöküb.
«Turan» agentliyinin xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qəzanın səbəbi yolun altından keçən və «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus kanalizasiya kollektorunda qəzanın baş verməsidir: «Nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılma və çökmə qeydə alınıb».
«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da kollektorda qəza baş verməsini təsdiq edib. O isə qeyd edib ki, oradakı xətlər Sovet dövründən qalıb və köhnəlib: «Həmin xətlərin 50 metri dəyişdiriləcək. Təmir-bərpa işlər aparılır».
Son illər Azərbaycanda yeni inşa edilən yollarda çökmələrlə bağlı tez-tez məlumatlara rast gəlinir. Müstəqil ekspertlər bunu həm işlərin tələsik görülməsi, həm də korrupsiya amili ilə izah edirlər. Rəsmilər isə korrupsiya ilə bağlı deyilənləri qəbul etmirlər.