İctimaiyyət

“Əsgər ölümü” işi: Hərbi hissədə zorakılıq, təcavüz, şantaj…

2015-ci il dekabrın 27-də Naxçıvandakı hərbi hissələrdən birində əsgər A.A vəfat etmişdi. 9 ayın əsgəri olan kiçik çavuş A.A-nın ölümünün səbəbləri araşdırılanda həmin hərbi hissədə əsgərlərə qarşı fiziki zorakılıqdan tutmuş, onlara çatası aylıq 22 manatın əllərindən alınması, görüntülərini internetdə yaymaqla şantaj edilməsi, təcavüzə qədər müxtəlif halların üstü açılıb. Hərbi hissədə məruz qaldığı zorakılıq, ləyaqətinin alçaldılması nəticəsində 19 yaşlı əsgər avtomatla alın nahiyəsindən atəş açaraq, özünü öldürüb.

Araşdırmalar zamanı həmin hərbi hissədə mərhum A.A-dan başqa əsgərlərin də ləyaqətlərinin alçaldığı, çalpaq şəkillərinin yayılmasıyla hədələnib təcavüzə məruz qaldıqları, döyüldükləri üzə çıxıb. Meydan TV sözügedən zərərçəkmiş əsgərlərlərin adlarını da əldə edib, sadəcə, etik prinsipləri nəzərə alaraq, onların açıqlanmasını doğru hesab etmir.

Bu hallara görə hərbi hissədə qumbaraatan vəzifəsində xidmət etmiş Vüsal Abdullayev həbs olunub və Naxçıvan Hərbi Məhkəməsinin hökmüylə 13 il azadlıqdan məhrum edilib.

Əsgərlərin döyülüb, şantaj edilib seksual hərəkətlərə məcbur edilməsi də cinayət işinin materiallarında yer alıb. Meydan TV-yə təqdim olunan cinayət işinin materiallarından bəlli olur ki, əsgərlərə qeyri-ənənəvi yollarla təcavüz edilib.

Cinayət işindən bəlli olur ki, bu hərbi hissədəki odun damında əsgərlər müxtəlif bəhanələrlə döyülüb, təhqir olunub. Heç bir əsas olmadan əsgərlərə “döyüşə” komandası verib, yerdə sürünməyə məcbur ediblər. Yerə uzananda da o əsgərlər təpikləniblər. Elə əsgərlər var ki, hərbi xidmətdə olduğu dövrdə sevdiyi qızla, nişanlısıyla telefonla danışıb. Həmin danışıqlar yazılıb və sonradan o şəxslər şantaj edilib. Hədələniblər ki, əgər deyilən tələbi yerinə yetirməsələr, danışıqları başqa əsgərlərin qarşısında səsləndiriləcək, internetdə yayılacaq.

Zərərçəkənlərdən biri deyib ki, sevgilisi ilə danışığının yazıldığını biləndən sonra həmin telefonu alıb sındırmaq istəyib. Buna görə onu möhkəm döyüblər. Əsgərlərin özləri ilə yanaşı, ailələrinin, ana-bacılarının ünvanına da təhqirlər işlədiblər.

Zərərçəkən əsgərlər məhkəmədə də V.Abdullayevdən şikayətçi olduqlarını bildiriblər. Hətta onların bəziləri V.Abdullayevin 13 il azadlıqdan məhrum edilməsini yüngül hesab edərək, cəzanın ağırlaşdırılmasını tələb edib. Həm zərərçəkənlər, həm də V.Abdullayev hökmün dəyişdirilməsi üçün apelyasiya şikayəti versə də, şikayətlər təmin edilməyib. Naxçıvan Ali Məhkəməsi hökmü dəyişməyib.

Daha çox göstər
Back to top button