İctimaiyyət

Gəncə məhbusu ona verilən işgəncə faktlarını qələmə alıb

Gəncə məhbusu Həbib Qurbanov Gəncə şəhərindəki Nizami Rayon Polis İdarəsində və Kəpəz Rayon Polis İdarəsində ona verilən işgəncə faktlarını qələmə alıb. Məhbusun yaxınları məktubu vetenugrunda.az-a təqdim ediblər.

“Ədalət Sadıqovun otağında mənə video göstərdilər. Mən dedim ki, videoda da gördünüz ki, mən meydanda heç kimi vurmamışam dedim. Belə deyəndə Ədalət Sadıqov məni döyməyə başladı. Orada Ədalətdən başqa da bir -neçə vəzifəli şəxs var idi. Ədalət məni itələyib dedi ki, aparın bunu otağa, sorğu -sual edin. Məni idarənin ikinci mərtəbəsində olan böyük bir otağa apardılar. Əl-ayağımı bağlayıb adını sonradan öyrəndiyim Əfqan, Nicat adlı polislərlə birgə 15 nəfərə yaxın polis işçisi məni təpiklə yumruqla döyməyə başladılar. Onlar deyirdilər ki, rəisimizi sən öldürmüsən. Mən ağrıdan qışqıranda dərhal polis paqonu ilə gözümü, “skoçla” ağzımı bağlayıb məni boğmağa və yenə də vurmağa başladılar. Skoçu açıb “niyə onları öldürmüsən” soruşub, yenidən ağzımı bağlayıb döyməyə başladılar. Özümdən getdim. Üstümə su töküb ayıldıblar. Özümə gələndə hiss etdim ki gözlərim yenə bağlıdır.

Mən qışqıraraq, vurun öldürün məni, canım qurtarsın dedim. Adını bilmədiyim bir polis belindəki silahı çıxarıb başıma dirədi və silahı doldurdu. Mən qışqıraraq vur dedim. Hamısı gülürdülər. Sonra yenə məni saxlanma yerinə qaytardılar. Orada 10-15 nəfərə yaxın insan vardı. Yeriyə bilmirdim, qolum, ayağım, başım şişmişdi. Ordakı uşaqlar mənə su verib, kömək etdilər.

Bir gün orada qaldım. Sabah məni yenə də “işgəncə otağı”na apardılar və yenə döydülər. Mənə tanımadığım adamların şəkillərini göstərdilər. Mən “tanımıram” dedikcə bədənimin hər yerinə vururdular. İki gün fasilə ilə məni döydülər. Sonra məni Kəpəz Rayon Polis İdarəsinə apardılar. 6 nəfər idik. Koridorda bizi saxlayıb dubinka ilə döyürdülər. Bizi elə ürəklə döyürdülər ki, elə bir əsir tutmuşdular.

Bir gün də orda qaldım. Bizi ordan Gəncə Ağır Cinayətlər Məhkəməsinə gətirdilər. Adını sonradan bildiyim Şirxan, İlham adlı polis işçiləri məni məhkəmənin “podvalında” döydülər, üstümə su tökdülər. Sonra məni məhkəmənin buruq pilləkənindən sürüyə-sürüyə qaldırdılar. Məhkəmə mənə 4 ay sanksiya verdi. Məni yenidən sürüyə-sürüyə “podvala” saldılar.

Maşına mindirib Gəncə İstintaq Təcridxanasına gətirdilər. Maşından düşənə qədər mənə əzab verdilər. Gəncə həbsxanasında bizim əl izlərimizi və qan analizlərimiz götürdülər. Bədənimdəki xəsarətləri soruşdular. Mən də polislər tərəfindən döyüldüyümü dedim. Qeydlər aparıldı, amma nə yazıldığını görmədim. Sonradan bildim ki, bədənimdə heç bir xəsarətin olmadığını yazıblar.

8 ay mənə nə telefon danışığına, nə də ailəmlə hər hansı şəkildə əlaqə saxlamağa icazə vermədilər. 11 aydan sonra məhkəmə istintaqından gəlib şüşənin arxasından guya bizim bədənimizdəki xəsarət izini yoxladılar. Mən onlara “11 ayın içində dubinkanın, yumruq- təpiyin izləri qalarmı” sualını verəndə “vaxtında deyərdin” dedlər və məni susdurdular. Mən dedim ki, vaxtında ailəmlə əlaqə saxlamağa icazə vermirdilər. “Bizlik deyil” dedilər.

Sonra mən şikayət verdim ki, işimə baxmırlar. Səbayel Rayon Məhkəməsində də dedilər ki, bağışla, əllimizdən heç nə gəlmir”.

Hazırda Sabunçu Rayon Məhkəməsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə Həbib Qurbanov, Elmir Hüseynzadə, Sahin Verdiyev, Bəkrəm Əliyev, Emil Məmmədov, Mirzə Hüseynov, Vüqar Yusifov və Asif Cavadovun təmsil olunduğu qrupun məhkəmə prosesi gedir.

Daha çox göstər
Back to top button