İctimaiyyət

Zabit ”Azərbaycan xalqı yatıb, yoxsa oyaqdır?” statusuna görə cəzalandırılıb

Gəncə hadisələrinə görə cəzalandırılanlar arasında indiyədək cəmiyyətin xəbər tutmadığı adamlar da var. Məsələn, Naxçıvandakı N saylı hərbi hissənin zabiti Aqşin Əsgərov. O, Gəncədə sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra Facebook səhifəsində bu mövzuda paylaşdığı yazılara görə 5 il 6 ay azadlıqdan məhrum edilib. O, CM-in 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar törədildikdə) maddəsilə təqsirli bilinib. Kapitan rütbəsində xidmət etmiş Aqşin Əsgərov ötən il iyulun 16-da həbs olunub. O, Facebook sosial şəbəkəsindən “Emin Kəpəz” profili ilə istifadə edirmiş. O, ötən il iyulun 3-də Elmar Vəliyev və mühafizəçisi güllələnəndə hərbi hissədə gecə növbəsində işdə olub.Aqşin Əsgərovun sözlərinə görə, Elmar Vəliyevin göstərişi ilə 2012-ci ildə Gəncədə onların evinin hasarı da qanunsuz sökülmüşdü. İyulun 4-nə keçən gecə “Facebook”da müxtəlif istifadəçilər bu hadisə, Elmar Vəliyevin fəaliyyəti barədə statuslar, şərhlər yazıblar. Həmin gecə və ondan sonra Aqşin Əsgərov bu paylaşımları özünün işlətdiyi “Emin Kəpəz” profilindən təkrar paylaşıb.Onların arasında “İlham Əliyevin və onun bandasının xalqa qarşı zülmü davam edir…”, “Sizin fikrinizcə, Azərbaycan xalqı yatıb, yoxsa oyaqdır?” məzmunlu paylaşımlar da olub. Apellyasiya instansiyası Aqşin Əsgərov haqqında 5 il 6 aylıq həbs hökmünü qüvvədə saxlayıb. Bu yaxınlarda isə məsələyə Ali Məhkəmədə baxılıb.

Vəkilləri deyirlər ki, ekspertiza yayılan materiallarla bağlı rəy verərkən söz və fikir azadlığı anlayışını yaddan çıxarıb. Birinci instansiya məhkəməsinin hökmündə yazılıb ki, “A.Əsgərov cinayətkar Yunis Səfərovu dəstəkləyən, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar edib”. Təqsirləndirilən zabitin vəkilləri kassasiya şikayətində göstəriblər ki, barəsində qanuni qüvvəyə minməmiş şəxsi “cinayətkar” adlandırmaqla məhkəmənin özü qanunu (təqsirsizlik prezumpsiyası hüququ) pozub.Vəkillər bildiriblər ki, Aqşin Əsgərovun əməlində cinayət tərkibi yoxdur: “Sadəcə, başqalarına məxsus rəyləri informativ xarakterli olaraq, sosial şəbəkədə öz səhifəsində paylaşıb. Aqşin Əsgərovun informativ xarakterli paylaşımlar etməsi onun CM-nin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilməməlidir”.

Daha çox göstər
Back to top button