Siyasət

Azərbaycan müxalifəti seçkilər mövzusunda debat keçirib

Bu il Azərbaycanda bələdiyyə, gələcəkdə isə parlament seçkiləri keçiriləcək.

“Azərbaycanda möhkəm sabitlik yalnız xalqın öz iradəsini demokratik və azad şəkildə bildirməsi nəticəsində təmin edilə bilər”. Sentyabrın 6-da Müsavat Partiyasının ofisində Müsavat, AXCP, REAL, həmçinin ictimai təşkilatların nümayəndələrinin və ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada gəlinən ümumi nəticə bundan ibarətdir.

“Hazırki hakimiyyət öz konstitusiyasına və öz beynəlxalq öhdəliklərinə riayət etmir. Demokratik Qüvvələr hakimiyyəti ədalətli seçkilər keçirməyə məcbur etməlidir”, – deyə görüşü açan Müsavat lideri Arif Hacılı qeyd edib.

Xalq Cəbhəsi Partiyasının Məclis sədri Nurəddin Məmmədli deyib ki, partiyası ölkədə demokratik mühit yaratmaq üçün digər siyasi qüvvələrlə birgə hərəkət etməyə hazırdır.

Mövcud qanunvericilik və təcrübə, habelə seçki komissiyalarının tərkibləri demokratik seçkilər keçirməyə imkan vermir. “Biz birləşməli və hakimiyyəti ədalətli seçkilər keçirməyə məcbur etməliyik, Gürcüstan, Ukrayna, Tunis və Ermənistandakı demokratların etdiyi kimi”, deyə o qeyd edib.

O, AXCP-nin seçkiləri boykot etməyə çağırdığı haqqında iddiaları təkzib edib.

REAL partiyasının icraçı katibi Natiq Cəfərli hesab edir ki, vətəndaşların seçkilər prosesinə etimadını qaytarmaq lazımdır. Amma o əmindir ki, hakimiyyət qanunvericiliyi demokratikləşdirməyəcək və proporsional seçkilər sisteminin tətbiqi ilə razılaşmayacaq.

“Bu vəziyyətdə biz nə etməliyik? İnsanların seçkilərə inamını qaytarmalı və onları mitinqlərə deyil, səsvermə məntəqələrinə getməyə çağırmalıyıq. Biz illərlə 100 min nəfəri mitinqlərə çıxara bilmiriksə, ağıllı səsvermə strategiyası hazırlamalı və seçki institutlarını bərpa edərək, insanları seçkilərə çağırmalıyıq”, deyə o bildirib.

Müzakirələrin davamında dəyirmi masa iştirakçıları parlament üzvlərinin sayının 125-dən 201-ə qədər artırılması, seçki komissiyalarının tərkibinin Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmaqla dəyişdirilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması, vahid şəhər bələdiyyələrinin yaradılması, ATƏT DTİHB-nin qısamüddətli və uzunmüddətli müşahidəçilərinin seçkilər prosesinə cəlb edilməsi zərurəti barədə fikir bildiriblər. 

Daha çox göstər
Back to top button