Gəncə məhbusları sentyabrın 5-dən aclıq aksiyası keçirdiklərini bildirirlər

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər. .
Dövlət ittihamçısı sentyabrın 5-də keçirilən prosesdə bu qrupdaki 8 şəxsə 5 ildən 16 ilə qədər həbs istəyib. Ən az 5 il istənilən Emil Məmmədovun ötən ilin iyulunda tutulanda 16 yaşı tamam olmayıb.
Dövlət ittihamçısı ibtidai istintaq zamanı həbsdə olan şəxslərə qarşı kütləvi iğtişaşların təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq və digər ittihamların təsdiqini tapdığını bildirib.
Məhkəmə prosesi Bakıda keçirilsə də, onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Bu 8 nəfərə ötən ilin iyulunda Gəncədə icra hakimiyyəti başçısı Elmar Vəliyevə sui-qəsdən bir həftə sonra keçirilən aksiyada iki polis zabitinin öldürülməsi, kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlamaq, polislərə xəsarət yetirmək kimi ittihamlar verilib.
Sentyabrın 6-da keçirilən iclasda bəzi müttəhimlərin (3 mütəhimin) vəkilləri yekun sözlə çıxış edib. Onlar müdafiə etdikləri şəxslərə bəraət verilməsini xahiş edib.Növbəti iclas sentyabrın 12-nə təyin edilib.