New York Times İsrailin pilotsuz uçan aparatlarının Azərbayandan İran üzərində casusluq etdiyi haqqında məqalə dərc edib

Amerikanın qabaqcıl New York Times qəzeti “İranı vurmaqdan ötrü təzyiqin gizli tarixçəsi” adlı geniş məqalə dərc edib. Məqalədə İsrailin pilotsuz uçan aparatlarının Azərbayandan havaya qalxdığı və İran üzərində casusluq etdiyi haqqında sensasiya doğuran xəbər də dərc edilib.
“Amerikanın casus peykləri İsrailə məxsus pilotsuz uçan aparatların Azərbaycandakı bazalardan havaya qalxaraq İran sərhədindən cənub tərəfə yönəldiklərini müşahidə edib. Onlar həmçinin İranın nüvə obyektlərinin foto və videoçəkilişini həyata keçirib və İran RƏM vasitələrinin ölkəyə daxil olan aparatları aşkar edib-etmədiyini müəyyən edib”, deyə məqalədə bildirilir.
Azərbaycan mediası yazır ki, avqustun 28-də The Guardian qəzetində dərc olunmuş məqalədə də oxşar iddia səslənir. Məqalədə deyilir ki, İraqdakı şiə militantlar İsrailin Azərbaycandan buraxdığı dronlarla bu ölkənin şimalında və mərkəzində hədəfləri vurduğunu iddia edirlər. Region rəsmiləri İraqın həmin hissələrindən İsrail yaxınlığındakı İran mövqelərinə silah göndərildiyini bildirirlər.
İranın müttəfiqi, İraqın Xalq Səfərbərlik Bölmələrinin lider müavini Əbu Mehdi əl-Mühəndis deyib: “Bizdə olan dəqiq və təsdiqlənmiş informasiyaya görə, bu il amerikalılar Azərbaycan ərazisindən İsrailin dörd dronunu buraxıblar. Bu dronlar ABŞ qüvvələri tərkibində uçuşlar gerçəkləşdirəcək, İraqın hərbi bazalarını hədəfə alacaq”.