AXCP fəalının polis bölməsində olduğu deyilir

Sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin qarşısında saxlanaraq naməlum istiqamətə aparıldığı deyilən AXCP üzvü Ruslan Əmirli gecəni Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsində keçirib.
Amerikaninsesi.org məlumat yayıb ki, hazırda Ruslan Əmirli Yasamal Rayon Məhkəməsinə gətirilib.
“Amma məhkəmədə iştirak etmək istəyən, binanın qarşısına toplaşan insanları burdan uzaqlaşdırırlar”, – AXCP-dən vurğulayıblar.
Öz növbəsində AXCP sədr müavini Gözəl Bayramlı facebook səhifəsində yazır ki, AXCP üzvləri ,digər fəallar və jurnalistlər məhkəmə zalına buraxılmayıb. Polislər jurnalistlərə qarşı zor tətbiq edib və hətta xəsarət alanlar var.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.
Ruslan Əmirlinin AXCP sədri Əli Kərimlini ictimai əsaslarla mühafizə etdiyi söylənir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da günorta saatlarında naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb.
Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb.