İctimaiyyət

“Azərbaycanda insanlar “Facebook”da yazdıqları sözlərə görə həbs edilirlər”

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında söz azadlığından, sosial şəşbəkələrdə yazılanlardan danışdı․

Media üzrə ekspert Ələsgər Məmmədli Əli Həsənovun bəyanatına münasibət bildirib. O, Meydan TV-yə deyib ki, Azərbaycanda sosial şəbəkələrin geniş inkişaf etməsinin əsas səbəbi azad media mühitinin olmamasıdır:

“Azad media mühiti hökumətin nəzarətindədir, daraldılıb. Buna görə vətəndaş obyektiv informasiyanı sosial şəbəkə üzərindən alır”.

O qeyd edib ki, sosial şəbəkələr ictimai rəyin formalaşdırılmasında konkret rol oynayır. Ələsgər Məmmədli deyir ki, Azərbaycan hökuməti xüsusən, 2017-ci ildən etibarən sosial şəbəkədəki ifadə azadlığını hədəf alacaq xeyli “qanunvericilik” inkişaf etdiriblər. Azərbaycanda hüquqi mühit imkan verir ki, sosial şəbəkələr üzərində həqiqətən də kimlərsə təhqir olunubsa, məhkəmə müstəvisində işi həll etsin. Burada hökumətin görəcəyi birbaşa iş yoxdur.

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, sosial şəbəkələrdə insanlar istədiklərini yaza bilirlər. Bu, texniki imkan mövcuddur. Sadəcə yazanda azaddırlar, ancaq yazandan sonra azad deyillər:

“Onlarla cinayət işi, inzibati həbs misal gətirmək olar ki, insanlar sadəcə “Facebook”da yazdıqları sözlərə görə həbs edilirlər. Onlar hüquq-mühafizə orqanları tərəfindən siyasi motivli basqıya məruz qalıblar. Polis, prezident, onun ailəsi, nazirlər və onların ailələri haqqında nəsə yazan adamların inzibati həbsləri barədə onlarla məlumat var”.

Xədicə İsmayıl deyir ki, hökumətin söz azadlığı barədə danışmağa dili olmamalıdır:

“Çünki Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarlar içərisində adambaşına düşən söz azadlığı işləri üzrə (10-cu maddə) lider ölkələrdən biridir”.

“Sərhədsiz Reportyorlar” Təşkilatının ən son açıqladığı Dünya Mətbuat Azadlığı indeksində Azərbaycan 180 ölkədə arasında 166-cı yerdədir. Bu, öncəki illə müqayisədə 4 pillə geriləmə deməkdir.

Daha çox göstər
Back to top button