Azərbaycan da izləmə və senzura texnologiyası “alır” – Qərb mediası
Rusiya və Çin informasiyaya nəzarət modellərini, izləmə və senzura texnologiyalarını dünyanın 110 ölkəsinə yayıb. Belə texnologiyanı əldə edən, modelləri eynilə təkrarlayan ölkələr içində Azərbaycan da var. ABŞ-ın Açıq Texnologiya Fondu (Open Technology Fund) “Rusiya və Çinin informasiyaya nəzarətinin dünya toru” adlı yeni hesabatını yayıb.
Hesabatda qeyd edilir ki, informasiyaya nəzarət Çin və Rusiyayla əlaqələri olan hibrid və avtoritar rejimlərdə effektli şəkildə yayılır.
Hesabata görə, Rusiyanın informasiyaya nəzarət vasitələrinin 25 faizi MDB ölkələrinə ixrac olunur. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Özbəkistanın Rusiya texnosferinin mərkəzində durduğu vurğulanır.
Bundan başqa, hesabatda Azərbaycanın adı Çinin Huawei şirkətinin yaydığı texnologiyaların əhatələdiyi ölkələr sırasında da çəkilir. Buraya senzura texnologiyası, üztanıma kameraları, təhlükəsiz şəhər, hakimiyyətin şifrəli kommunikasiyaya çıxışı daxildir.
Azərbaycanın eləcə də Rusiyanın VAS Experts şirkətindən avadanlıq aldığı bildirilir. Bu şirkət telefon şəbəkələrində, səyyar və simsiz əlaqə və radioəlaqə şəbəkələrində operativ-axtarış tədbirlərinə imkan verən texniki vasitələr kompleksi (rusca qısa adı – СОРМ) satır.
Bu deyilənlərə rəsmi orqanlardan açıqlama almaq hələlik, mümkün olmayıb.
Müəllifin fikrincə, demokratik ölkələr vətəndaşların istifadə etdiyi individual cihaz və əlaqə vasitələrinin filtrasiya və təqib avadanlığından daha yaxşı müdafiə olunmasının qayğısına qalmalıdırlar, amma indiki durum “bunun əksini” göstərir.
Hesabatda deyilir ki, dünyada söz azadlığı və insan haqları ətrafında durum pisləşir. Müəllifin fikrincə, “demokratik ölkələr texnologiyadan istifadəyə avtoritar yanaşmaların genişlənməsini əngəlləməli, dünyaya göstərməlidir ki, cinayətkarlıqla mübarizə və milli təhlükəsizliyin təminatı kibertəhlükəsizliyi və internetdə vətəndaşların şəxsi həyatını zərbə altına qoymadan da mümkündür”.