AXCP fəalı: Ölkədən çıxışıma qadağa qoyanları məhkəməyə verəcəm

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Nicat Abdullazadə sentyabrın 19-da Bakı hava limanından xarici ölkəyə buraxılmayıb.
“Hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı ölkədən çıxışıma qadağa qoyulduğunu bildirib. Bir gün öncə Ədliyyə Nazirliyinin rəsmi saytından ölkədən giriş-çıxışımı yoxladığım zaman heç bir qadağa olmadığı göstərilmişdi”, deyə Abdullazadə Turan-a bildirib.
O, sentyabrın 21-də mühacirlərin təsis etdiyi hazırki iqtidara müxalif olan AND təşkilatının Almaniyanın Frankfurt şəhərində keçiriləcək qurultayında iştirak etmək üçün gedirdi.
“Mənə bildirdilər ki, problemli kreditlərlə bağlı ölkədən çıxışıma qadağa qoyulub. Amma bu qadağanın qoyulması yanlışdır. Çünki prezidentin 2019-cu ildə imzaladığı problemli kreditlərlə bağlı sərəncamından sonra bu problem aradan qaldırılıb. Bu gün bank mənə hər hansı problemin olmaması barə sənəd verdi və sənədi müvafiq quruma təqdim etdim. Söz verdilər ki, ölkədən çıxışıma qadağa iki saat ərzində aradan qaldırlacaq”, deyə Abdullazadə bildirib.
O, ölkədən çıxışına qadağa qoyanlarla və dəymiş ziyanla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.
Nicat Abdullazadə AXCP fəallarındandır. O, bu il martın 7-də məhkəmənin qəraraı ilə 15 sutka inzibati həbsə məhkum edilib.
AXCP siyasi fəalla bağlı baş verənləri siyasi sifariş hesab edir.