İctimaiyyət

Əfqan Muxtarlı həbsxanada aclığa başlaması ilə bağlı bəyanat yayıb

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı aclığa başlayıb. Jurnalistin sosial şəbəkələrdə yayılan bəyanatında deyilir ki, sentyabrın 20-də hüqularını müdafiə edən vəkil Nemət Kərimliyə qarşı cəzaçəkmə müəssisəsində qanunsuzluq və zorakılıq olub.

“Sentyabrın 20-də baş vermiş qanunsuzluğa və vəkilimə qarşı zorakılığa etiraz olaraq aclığa başlayıram. Rəis müavini (koloniyanın) Emin Eminəliyev siyasi məhbuslara qarşı amansızlığı və zorakılığı ilə fərqlənir. Bundan öncə o, Məmməd İbrahimə qarşı güc tətbiq etmişdi. Ümumiyyətlə, məhbuslara qarşı çox sərt və amansızdır. Ondan prokurorluğa edilən şikayətlər araşdırılmır”, – Ə.Muxtarlının bəyanatında deyilir.

O, ölkə rəhbərliyindən vəkililə bağlı insidentin obyektiv araşdırılmasını tələb edib.

“Emin Əliyev və zorakılıq törədən digər əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı törədilənlər mənim də hüquqlarımın pozulmasına yönəlib. Bundan öncə Nemət Kərimli 1 il müddətinə işdən kənarlaşdırılmışdı”, – Ə.Muxtarlı yazıb.

Jurnalist diqqəti ona yönəldib ki, “indiki hücumlar” AŞPA siyasi məhbuslar üzrə məruzəçi Sunna Torhildur Evardsottirin və AŞ insan hüquqları komissarı Dunya Miyatovişin koloniyada ona baş çəkməsindən sonra törədilib.

Sentyabrın 20-də vəkil N.Kərimli Ə.Muxtarlı ilə görüşündən əvvəl və sonra ciddi yoxlanışa və hədələrə məruz qalıb. Vəkilin sözlərinə görə, həmin qanunsuz hərəkətlərə koloniyanın rəis müavini Emin Əliyev rəhbərlik edib. O, vəkilin jurnalistlə görüşü zamanı etdiyi qeydləri oxuyub. Ə.Muxtarlı Penitensiar Xidmətə rəsmi şikayət edəcəyini bildirib.

Daha çox göstər
Back to top button