Azərbaycanlı fəal həbs müddəti bitməsinə baxmayaraq, azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin başa çatmasından 4 gün keçməsinə baxmayaraq, onu həbsdən buraxmırlar, bu barədə vəkil Cavad Cavadov bildirib.
Maraqlıdır ki, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi Elman Əhmədovun sədrliyi ilə Hüseynzadənin qanunsuz həbsindən verdiyi şikayətə baxıb. Məhkəməyə sədrlik edən hakim Hüseynzadənin artıq cəzasını çəkdiyi və azadlıqda olduğu barədə qərar verib (!). Məhkəmənin bu qərarı məhkəmə sisteminin saytında yerləşdirilib.
Fəalın atası Füzuli Hüseynzadə bildirib ki, sentyabrın 3-də Abşeron rayon məhkəməsində ona bildiriblər ki, oğlu 30 gün müddətinə həbs edilib, baxmayaraq ki, prosesdə hakim onun 15 günlük həbs edildiyini elan edib.
Məhkəmə orqanlarından bu iş haqqında şərh almaq cəhdləri nəticə verməyib.