Bakıda “Amerikanın Səsi”-nin əməkdaşı saxlanıldı
Bazar ertəsi səhər saat 10:20-də Bakıda polis “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) saxlayıb. Saxlanma prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsinin qarşısında “Gəncə işi” üzrə mühakimə olunanların bir qrup valideyninin etiraz aksiyası zamanı baş verib.
Bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu DİN Nəqliyyatda Polis İdarəsinə aparıblar və orada telefonunu alıblar.
T.Quliyevə qarşı zorakılığı onun həmkarları -jurnalistlər görüblər və bu barədə DİN mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı polisinin Monitorinq qrupuna məlumat veriblər.
Polisdə jurnalistin həmkarlarına və vəkilə telefon etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, “bir daha belə şeylər etməməyi” tövsiyə ediblər.
DİN mətbuat xidməti və şəhər polisinin Monitorinq qrupu baş verənləri şərh etməyib.