İctimaiyyət

Əli Həsənovun xanımının işi üzrə həbs olunanlar aclıq edəcəklərini deyir

Prezidentin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi Liseyi”ndə mənimsəmə ilə bağlı məhkəmə prosesi davam edir. Bu dəfə məhkəmədə Sona Vəliyevanın köməkçisi Həmidə İsgəndərova şahid qismində dindirilib. Bu barədə Meydan.tv saytı məlumat yayıb.

H.İsgəndərova məhkəmədə bildirib ki, baş mühasib T.Məmmədov və mühasib F.Möhbalıyev hesabatları təqdim etmirdilər. Ona görə də liseyin direktoru Elnur Əliyevin göstərişilə yoxlama aparılıb, 565 min manat çatışmazlıq aşkarlanıb.

T.Məmmədovun vəkili Elçin Sadıqov S.Vəliyevanın özünün məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyib ki, pulu alan tərəf S.Vəliyevadır. Onu dindirmədən nə qədər mənimsəmə olması barədə obyektiv nəticəyə gəlmək mümkün deyil: “Komissiya da Sona Vəliyevanı dindirməyib”.

Hakimlər vəsatəti təmin etməyib. Bu da təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Bildiriblər ki, məhkəmə obyektiv aparılmasa, qərəzli şəkildə davam etsə, aclıq aksiyası keçirəcəklər: “Sual veməyə qoymursuz, burada açıq-aşkar yalan danışırlar, qarşısını almırsız. Sona Vəliyevanı çağırmırsınız”.

Məhkəmə prosesi sentyabrın 24-nə qədər təxirə salınıb.

Daha çox göstər
Back to top button