Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi məhkəməyə verilib

“Ölkəmizdə belə bir qurum var: Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəliyi və onun rəhbəri Çingiz Əsgərov. Onun əsas vəzifəsi Avropa Məhkəməsinin qərarlarının icrası üçün dövlət qurumlarını səfərbər etməkdir. Yəni insan hüquqlarının müdafiəsinə töhfə verməli olan qurumdur. Belə səlahiyyət sahibi özü qanunlara, insan haqlarına saymazyana yanaşır. Çünki əmindir ki, ölkədə heç bir qurum bu hərəkətlərinə görə ondan hesabat istəməyəcək. Avropa Məhkəməsinin qərarları ilə təyin olunmuş kompensasiyaların ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi barədə informasiya sorğusu vermişəm, heç vecinə alıb cavab verməyib. Bu qanun pozuntusundan məhkəməyə şikayət vermişəm, cavabdehin rəsmi ünvanını göstərmişəm: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 19, Prezident Sarayı”. Bu barədə vəkil Əsabəli Mustafayev “facebook” profilində yazıb.
Vəkil qeyd edib ki, məhkəmə iddianı mümkünsüz sayıb. Belə əsaslandırıb ki, cavabdehin həmin ünvanda qeyddə olmasını təsdiq edən sübut təqdim etməyib.