Siyasət

Gültəkin Hacıbəyli: Siyasi fəaliyyətimə görə övladımın təhsil hüququ pozulur

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin oğlu, 2004-cü il təvəllüdlü Toğrul Mehdi təhsil üçün Almaniyaya getmək istəsə də, ona imkan verilmir. “Meydan.tv” saytına əsasən, G.Hacıbəyli bununla əlaqədar məhkəməyə müraciət edib.

G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev oğlunun ölkədən çıxışı üçün razılıq vermir. Ona görə də G.Hacıbəyli məhkəməyə müraciət edərək, övladının istənilən vaxt ölkədən müvəqqəti çıxmasına izacə verilməsi barədə qərar qəbul edilməsini istəyib. Lakin Nəsimi Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Məhkəmənin qərarında da göstərilib ki, övladının onun razılığı olmadan ölkədən kənara çıxarılması atanın hüquqlarını məhdudlaşdırır.

Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəməyə kassasiya şikayəti verən G.Hacıbəyli yazıb ki, bu məhkəmə qərarları qərəzlidir, qanunsuzdur. Onun sözlərinə görə, məhkəmə 15 yaşına qədər atanın bu uşaqla maraqlanmaması, özünün uşaqla ünsiyyətdən imtina barədə ərizəsini nəzərə almayıb.

G.Hacıbəyli baş verənləri ona qarşı təzyiqlərin tərkib hissəsi sayır. Deyir ki, hökumət keçmiş ərindən növbəti dəfə ona qarşı istifadə edir: “Həmin şəxsi bəhanə edib, mənim siyasi fəaliyyətimə görə övladıma faşist metodlarıyla təzyiq göstərirlər”.

Mahmud Mehdiyev prokurorluq əməkdaşına yaraşmayan hərəkətə – hərbi xidmətdən yayınmağa görə Baş prokuror Zakir Qaralovun əmri ilə bu orqanlardan xaric edilmişdi. 2013-cü ildə G.Hacıbəylinin əleyhinə mətbuat konfransı keçirib, uşaqla bağlı məhkəməyə müraciətindən sonra yenidən prokurorluğa bərpa olundu.

Daha çox göstər
Back to top button