Azərbaycan hökumətinin sosial mediadan dezinformasiya yaymaq, siyasi manipulyasiya üçün istifadə etdiyi bildirilir
Azərbaycan hökumətinin də sosial mediadan dezinformasiya yaymaq, siyasi manipulyasiya üçün istifadə etdiyi bildirilir. Bu haqda Oksford Universitetinin “2019-cu ildə Qlobal Dezinformasiya Düzəni. Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatında söz açılır. Məlumatı “Amerikanın Səsi” yayıb.
Qurum son üç ildə hökumətlər və siyasi partiyaların sosial mediada necə manipulyasiya etdiyini öyrənib. Hesabatda rəqəmsal təbliğat, formalaşan manipulyasiya alətləri, bacarıqları, strategiya və resursları təhlil olunur.
Hesabatda Azərbaycanın da adı çəkilir. Bu ölkənin rəqəmsal təbliğat üçün istifadə etdiyi platformalar sırasında Facebook, Twitter, YouTube sosial şəbəkələri göstərilir.
“70 ölkədən 30-da hökumətlərlə vətəndaşlar və vətəndaş cəmiyyəti təşkilatları arasında formal koordinasiyaya dəlil aşkarladıq. Bəzi hallarda, Azərbaycan, İsrail, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə hökumət agentlikləri rəqəmsal təbliğatdan ötrü tələbələri, gəncləri işə götürürlər”, hesabatda vurğulanır.
Hesabatda ölkələrin kiber təbliğat qabiliyyəti dörd qrupa bölünür – yüksək, orta, aşağı, minimim qabiliyyət. Azərbaycan bu sahədə ortasəviyyəli qrupda yer alıb. Bu ölkələrdə informasiya məkanına nəzarət üçün ilboyu tamştatlı işçilər çalışır. Bəzən bu komandalar xaricdə də nüfuz əməliyyatları aparır. Bu qrupda Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə də yer alıb.irinci qrupa Rusiya, Çin, İsrail, Birləşmiş Ştatlar kimi ölkələr daxildir.