İctimaiyyət

Sabirabad AXCP yerli təşkilatının məclis toplantısına müdaxilə etdiyi bildirilir

Sentyabrın 29-da Sabirabad Rayon Polis Şöbəsinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yerli təşkilatının məclis toplantısına müdaxilə etdiyi bildirilir.

Turan yazır ki, bu barədə AXCP yerli təşkilatından Sahib Rüstəmli məlumat verib.

Onun deməsinə görə, toplantı partiyanın yerli qərargahında keçirilməli idi. S.Rüstəmli qeyd edib ki, iclasın başlanmasına bir neçə dəqiqə qalmış şöbənin rəis müavini Aqşin Fətiyev və 20-yə yaxın sıravi polis qərargahı mühasirəyə alaraq cəbhəçiləri dağıdıblar.

O, vurğulayıb ki, Aqşin Fətiyev polislərlə gəlib və toplantının keçirilməyəcəyini söyləyib. Sahib Rüstəmlinin sözlərinə görə, əvvəllər də polisin toplantılarına müdaxiləsi olub:

“Fərqli şəkildə, yəni polis məclisin iclasının keçirildiyi gün gəlib qərargahın kənarında dayanıb izləyirdi. Amma Siraqəddin Cabbarovun rayona icra başçısı təyin olunmasından sonra AXCP-yə münasibət sərtləşib, nə çayxanalarda oturmağa imkan verilir, nə qərargahda”.

Düz bir həftə öncə, sentyabrın 22-də müxalifətdə olan başqa bir siyasi qüvvə-Müsavat Partiyası də Lənkəran rayon təşkilatının toplantısına polisin imkab vermədiyini açıqlamışdı.

Daha çox göstər
Back to top button