Siyasət

Keçmiş deputat Hüseyn Abdullayev 6 il həbsə məhkum edilib

Oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə ötən ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmiş keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs hökmü çıxarıb. Məhkəmə sabiq deputatın 70 yaşlı anası Zeynəb Abdullayevanı da cəzalandırıb.

Digər təqsirləndirilən şəxslərdən Abdullayevlər ailəsinə məxsus “Araz-İnşaat” ASC-də işləmiş Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum edilib.Abdullayevlərin qohumu İntiqam Soltanov da şərti cəza ilə məhkəmə zalından azadlığa buraxılıb.

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib.

İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında 14 fevral 2018-ci ildə cinayət işi başlanıb.

2006-cı ildən Hüseyn Abdullayevin nəzarətində olan “Araz-İnşaat” ASC ilə bağlı araşdırma aparılıb, səhmdarlara yalan məlumat verilməklə 1 milyon 374 min manatlıq gəlirin mənimsənildiyi üzə çıxarılıb. Hüseyn Abdullayev məhkəmədə ِözünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

2007-ci il martın 16-da hِökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bundan sonra Abdullayevin mandatı əlindən alınmış, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı.

2013-cü ildə Hüseyn Abdullayevin “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Daha çox göstər
Back to top button