Türkiyədən Azərbaycana biznes qurmağa gələn ailəsi təzyiqlə üzləşdiklərini deyir

Türkiyənin hazırda Azərbaycanda yaşayan vətəndaşı Ahu Şonai Meydan TV-yə yazır.
Ahu Şonai deyir ki, polislər ailə başçısı Yazdan Şonai barəsində şikayət olduğunu, buna görə onları Şirvan şəhərinin polis blməsinə aparmaq üçün gəldiklərini söyləyiblər. Ailə gecə vaxtı getməkdən imtina edib.
Ahu Şonai deyir ki, səhər vəkillə görüşmək üçün evdən çıxanda binalarının önündə onlara bir nəfər kişi yaxınlaşıb. Kimliklərini dəqiqləşdirəndən sonra daha 10 nəfər mülki geyimli ailənin üzərinə hücum çəkib:
“Yoldaşımın qolunu qandalladılar. O qışqırıb, kömək istədikcə, yerdə sürüdülər, təpiklədilər, yumruqladılar. Sonra da bizi məcburi maşına mindirib Şirvan Şəhər Polis Şöbəsinə apardılar. Polis bölməsində məlum oldu ki, Cahit Akçan adlı bir türk vətəndaşı barəmizdə şikayət verib. Guya 2015-ci ildə mənim yoldaşım onunla Şirvan şəhərində görüşüb. Cahit Akçan yoldaşıma 2 milyon dollar borc pul verib. Yoldaşım da bu pulu 4 il ərzində geri verməyincə, bu adam bizdən şikayət edib”.
Ahu Şonai deyir ki, nə həyat yoldaşı, nə də o, 2015-ci ildə Azərbaycana gəlib. Ümumiyyətlə, həmin ili bir dəfə də olsun, ölkəyə giriş etməyiblər. Bu sözləri polis əməkdaşlarına desələr də, onları dinləyən olmayıb. Vəkillə əlaqə saxlamalarına imkan verilməyib, telefonları və şəxsi əşyaları müsadirə edilib.
Bundan sonra ailəni polis bölməsində xeyli saxlayıblar. Ahu Şonai deyir ki, bu müddət ərzində körpə uşağından ayrı qalıb, stress keçirib. Ahu Şonai deyir ki, sənədlə onların 2015-ci ildə Azərbaycana gəlmədikləri bəlli olanda müstəntiq Cahit Akçana deyib ki, bax, sənin başın ağrıyacaq.
Ahu Şonai Meydan TV vasitəsilə Azərbaycanın aidiyyatı qurumlarına müraciət edir. Deyir, işləmədikləri, etmədikləri bir şeyə görə Şirvan polisində barələrində araşdırma başladılıb.