Güc qurumları tərəfindən öldürülən A.Sərxaninin həyat yoldaşı təzyiq və təhdidlər haqqında məlumat verib
2018-ci ilin yayında Gəncədə güc qurumlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülmüş “Müsəlman Birliyi” Hərəkatının üzvü Ağa Sərxaninin həyat yoldaşı Sevinc Sərxani videomüraciət yayaraq, hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qaldığını bildirib.
O qeyd edir ki, bir ildən çoxdur dəfn olunması üçün həyat yoldaşının nəşinin ailəsinə verilməsinə nail olmağa çalışır. Onun sözlərinə görə, müxtəlif dövlət orqanlarına müraciət etdikdən sonra onu Gəncə şəhər Kəpəz rayon polis idarəsinə çağırıblar və şikayətlərinə son qoymağı tələb ediblər. Əks halda onu övladları ilə hədələyirlər.
S.Sərxani həmçinin bildirir ki, polisə çağırıldıqdan sonra mülki geyimli şəxslər onu izləyir. O, ailə üzvlərinin həyat və sağlamlığına dəyə biləcək ziyana görə Gəncə hakimiyyətinin məsuliyyət daşıyacağını bəyan edib.