İctimaiyyət

Apellyasiya Məhkəməsi Polad Aslanovu həbsdə saxlayıb

Oktyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi xeberman.com saytının redaktoru Polad Aslanovun həbs müddətinin uzadılması barədə şikayətini təmin etməyib. Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi və P.Aslanovun həbsdən azad edilməsi üçün yeni addımlar atmalıdır.

G.Aslanova bildirib ki, həyat yoldaşı həbs müddətinin uzadıldığı gündən – oktyabrın 5-dən bu qərara və ümumilikdə cinayət təqibinə etiraz olaraq aclıq edib.

O, səhhətinin kəskin pisləşməsi, qan təzyiqinin enməsilə əlaqədar oktyabrın 10-da aclığı dayandırıb.

“Polad ürək-damar xəstəliyindən əziyyət çəkir. Aclıqdan sonra səhhəti daha da zəifləyib”, – G.Aslanova bildirib. O qeyd edib ki, həyat yoldaşı özünü günahkar saymır.

Vəkil Osman Kazımov məhkəmə iclasından sonra jurnalistlərə bildirib ki, istintaq P.Aslanovun həbsdə saxlanması və istintaqın uzadılması üçün əsaslı dəlillər təqdim etməyib.

“Aslanov özünü günahkar saymır”, – vəkil bildirib. O belə qənaətə gəlir ki, P.Aslanov peşə fəaliyyətinin qurbanı olub.

Daha çox göstər
Back to top button