İctimaiyyət

Jurnalistlər Əfqan Muxtarlının azadlığa buraxılmasını istəyir

Həbsdə olan jurnalist Əfqan Muxtarlı sentyabrın əvvəlində tibbi müayinədən keçsə də həkim rəyi indiyədək ona təqdim edilməyib. “Amerikaninsesişorg” saytına əsasən, bu barədə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Muxtarlı başgicəllənməsindən şikayət edir.

“Ədliyyə Nazirliyinin müalicə müəssisəsinin həkimləri onu müayinə ediblər. Lakin nəticələr nə özünə, nə də mənə açıqlanmır. Bəlkə Əfqanın ciddi xəstəliyi var?”, vəkil deyib və Muxtarlının yüksək qan təzyiqindən və şəkərli diabetdən əziyyət çəkdiyini xatırladıb.

Lakin Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinə bildirib ki, Əfqan Muxtarlı hər hansı ciddi xəstəlikdən əziyyət çəkmir.

“Vəziyyəti stabildir və müayinənin nəticələri barədə Muxtarlıya məlumat verilib,” Qurbanov bildirib.

Bir neçə gündən sonra oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq.

“Bu bayram münasibətilə Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı.Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı,” vəkil qeyd edib.

Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir. Jurnalistlər ölkə rəhbərliyindən Dövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağa xahiş edir və bunun bütünlüklə ölkədəki mühitin sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildirirlər.

Daha çox göstər
Back to top button