Siyasət

Əli İnsanov: “Yeni partiya iqtidara müxalif olacaq”

Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov bildirib ki, onun təşəbbüsü ilə yeni partiyanın yaradılmasına dair işlər demək olar ki, tamamlanıb.

“Biz görüşləri və müzakirələri demək olar ki, başa çatdırmışıq. Artıq siyasi qurumumuzu təsis etməyə hazırıq və hər an onu elan edə bilərik. Sadəcə, bir problemimiz var. Təşkilatın ofisi, yaxud da qərargahı olmalıdır. Hökumət buna mane olur, imkan vermir. Biz hələlik bir yer kirayələyə, tuta bilmirik”, – Ə.İnsanov “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, partiya iqtidara müxalif olacaq və bütün müxalifət təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır.

“Yeni partiya Azərbaycanda seçki mühitinin yaradılması, cəmiyyətin demokratik bir cəmiyyətə çevrilməsi üçün mübarizə aparacaq. Biz hakimiyyəti zorla devirməyin qəti əleyhinəyik. Ona görə də konstitusion yolla, Azərbaycan qanunları çərçivəsində azad seçki mühitini yaradaraq seçkilərdə iştirak etməyə hazırıq”, – Ə.İnsanov bildirib.

“Azərbaycan bu gün siyasətlə deyil, xəstəhal şıltaqlıqla idarə olunur. Məhz ona görə də problemlərin heç birini həll edə bilmirlər”, – Ə.İnsanov qeyd edib.

Onun sözlərinə görə, yeni partiya müxalifət qüvvələrinin məşvərət məclisinin yaradılması təşəbbüsü ilə çıxış edəcək.

Daha çox göstər
Back to top button