Mehman Əliyev: Mediada şantaj kritik həddə çatıb

İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə mətbuatla bağlı fikirləri yerli mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, mətbuatın hakimiyyətdaxili savaş vasitəsinə çevrilməsi həqiqətdir.
“Təəssüflər olsun ki, bu proses 90-cı illərin sonlarından başlayıb. Bu daha çox hakimiyyətin özündən gələn bir siyasət idi. O zamanlar xəbərdar edirdik ki, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Biz bu gün feyk xəbərləri görürük, müəyyən şəxslərə qarşı məlumatların, təhlillərin qərəzli formada istifadə olunmasını görürük. Bu həm də gündən-günə şiddətlənir. Məsələ artıq cəmiyyətdə kifayət qədər kritik həddə gəlib çatıb,” o qeyd edib.
Mehman Əliyev hakimiyyət daxilində biri-digərini mətbuat vasitəsi ilə şantaj etməsi barədə danışarkən deyib ki, komanda daxilində qrupların və şəxslərin savaşı mövcuddur.
Turan Agentliyinin direktoru hesab edir ki, ölkədə azad meidıann bərpası üçün ümumi siyasətdə dəyişiklik edilməlidir.
“Ölkədə islahatlar bütün sahələri əhatə edərsə, bunun azad mətbuat ruhunun yaranmasına da təsirləri olacaq. Ancaq, mətbuatı ayrılıqda sağlamlaşdırmaq çox çətin olar.”
Onun fikrincə, hazırda Azərbaycanda söz və mətbuat azadlığı yoxdur.
“Böyük problem odur ki, Azərbaycanda ənənəvi, keyfiyyətli media sıradan çıxarılıb və meydan peşəkar olmayan insanlara verilib.”
Mehman Əliyev hesab edir ki, vəziyyətdən çıxış üçün hakimiyyətin mesajları bəs etmir.
“İslahatlar bütün sahələri əhatə etməlidir. O cümlədən media sahəsində ciddi addımlar atılmalıdır. Hakimiyyət indiki siyasətdən çəkilib yeni münasibətlər qurmaq istməlidir,” o qeyd edib.