İctimaiyyət

Ekspert: Yolların vəziyyəti ilə bağlı göstəricilərə əsasən Azərbaycan aşağı mövqedədir

Azərbaycan Prezidenti İlham Əliyev 16 oktyabr müşavirəsində bir sıra sahələrdə, xüsusilə yol, körpü tikintilərində rəqəmlərin şişirdilməsini vurğulayıb.

Bundan bir gün sonra isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərək, onun fəaliyyətini müsbət qiymətləndirib.

İqtisadçı Toğrul Maşallı Meydan TV-yə prezidentin xatırlatdığı reytinqin ətrafında bəzi dəqiqləşdirmələrə ehtiyac olduğunu bildirdi:

“Nəzərə almaq lazımdır ki, sorğunu “Azərbaycan Marketinq Cəmiyyəti” həyata keçirib və sorğuda 70 nəfər iştirak edib. Ola bilər ki, 70 nəfərin içində iş adamları, ekspertlər olsun. Sorğuda pis cavab 1, yaxşı cavab isə 7 balla qiymətləndirilir. Onlar da yəqin əla qiymətləndirib və nəticədə Azərbaycan dünyada yolların keyfiyyətinə görə 27-ci yerdədir”, – iqtisadçı deyib.

Toğrul Maşallı hesab edir ki, şübhəli məqamlardan birincisi sorğuda kimlərin iştirak etməsidir ki, bu barədə dəqiq məlumat yoxdur. O qeyd edib ki, “Azərbaycan Marketinq Cəmiyyəti” açıq təşkilat olmadığından bu barədə ətraflı heç nə yazılmayıb:

“Başqa bir məsələ hesablama ilə bağlıdır. Konkret olaraq, ölkənin ən iri 10 şəhərinin yol bağlantısı hansı vəziyyətdədir, onların arasında sürət necədir və.s. Bu göstəriciyə görə Azərbaycan 88-ci yerdədir. Yəni nisbətən obyektiv olan göstəriciyə əsasən Azərbaycan çox aşağı mövqedədir”, – ekspert bildirib.

Müqayisə üçün iqtisadçı dəmir yollarının effektivliyi barədə reytinqi misal gətirib. O qeyd edib ki, sorğu əsasında hazırlanmış reytinqə görə dəmir yolunun effektivliyi baxımından Azərbaycan dünyada 11-ci yerdədir, hətta Almaniya və Fransanı belə üstələyir:

“Azərbaycanda dəmir yolunun sürəti çox aşağıdır, punktuallığı da yoxdur. Almaniyada saatda 250 kilometr sürətlə gedən qatarlar var, Azərbaycanda isə yoxdur. Amma bunlara baxmayaraq, biz Almaniyanı qabaqlayırıq. Ona görə də prezidentin açıqladığı reytinq göstəriciləri diqqətlə öyrənilməli və hansı təşkilat tərəfindən keçirilməsi məsələsinə, kimlərin iştirak etməsinə diqqət yönəlməlidir. Ümumiyyətlə, sorğunun obyektiv keçirilib-keçirilməməsini bilmirik. Bu baxımdan belə sorğulara əsaslanmamalı və hətta hökumət səviyyəsində bunlardan az istifadə edilməlidir”.

Daha çox göstər
Back to top button