AİHM jurnalist H.Mehdiyevə kompensasiya ödənilməsi barədə qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Naxçıvandan olan jurnalist Həkimeldostu Mehdiyevin şikayəti ilə bağlı qərar qəbul edib.
Məhkəmə ona 2 min avro kompensasiya ödənilməsinə qərar verib.
Şikayət 2011-ci ildə elektrik enerjisindən istifadəyə görə ona cərimə kəsilməsi ilə bağlı verilib.
Məhkəmənin qərarını “ədalətli” adlandıran Mehdiyev xatırladıb ki, 2011-ci ildə ona guya elektrik enerjisindən qanunsuz istifadəyə görə əsassız olaraq pul cəriməsi təyin ediblər. Belə ki, Şərur məhkəməsi onu 189-1.1-ci (elektrik enerjisinin talanması) maddə ilə təqsirli bilərək, 1000 manat cərimə edib.
Yerli məhkəmələr jurnalistin şikayətini təmin etməyib və o, ədalətli məhkəmə təhqiqatı hüququnun pozulması haqqında şikayətlə AİHM-ə müraciət edib.
Mehdiyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı problemlər haqqında tənqidi nəşrləri ilə məşhurdur.