Tofiq Yaqublu polisdə işgəncələrə məruz qalması haqqında danışıb
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu deyir ki, polislər əllərini qandallayıb, təxminən bir saat ona işgəncə veriblər. Bu barədə o, noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində danışıb.
Tofiq Yaqublu qeyd edib ki, oktyabrın 19-da onu heç mitinq təyin olunan əraziyə çatmamış – Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində tutublar: “Bunu sübut edən video var, bütün el-aləm görüb. Amma 2 nəfər polis gəlib məhkəmədə yalan danışdı ki, guya Cəfər Cabbarlı heykəlinin yanında saxlayıblar”.
Tofiq Yaqublunun sözlərinə görə, onu tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar, öncə bir otaqda saxlayıblar.
Heç bir qanun pozuntusuna yol vermədiyini vurğulayan Tofiq Yaqublu işgəncələrlə əlaqədar prokurorluğa şikayət etdiyini, amma ədalətli qərar gözləmədiyini söyləyib:
“Dövlət insanların hüquqlarını qorumaq üçündür. Mənə münasibətdə cinayət törədiblər. O orqanda ki mənim hüquqlarım qorunmalıdır, mənə amansız işgəncə verilib. Bu cinayəti törədənlər mütləq cəzalanmalıdır”.
Tofiq Yaqublunun vəkili Nemət Kərimli isə çıxışında insanların sərbəst toplaşma azadlığına diqqət çəkib. Bildirib ki, bu azadlıq Azərbaycanın Konstitusiyasında da əksini tapıb: “Avropa İnsan Hüquqları Məhkəməsi də qərarlarında yazır ki, bu azadlığın məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalıdır. Ümumi sözlərlə onu məhdudlaşdırmaq olmaz. Üstəlik, Tofiq Yaqublunu mitinq yerinə çatmamış saxlayıblar”.
Vəkil Tofiq Yaqublunun üzərində xəsarətlərin qaldığını qeyd edərək, bununla əlaqədar onun ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıb.
Hakim Əflatun Qasımov nə vəsatəti, nə də apellyasiya şikayətini təmin edib.
Tofiq Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna bildirib ki, atasının həbsilə əlaqədar Avropa İnsan hüquqları Məhkəməsinə şikayət göndəriləcək.