İctimaiyyət

Hüquqşünas: Saxlanılan şəxslərdən müxalifətçilikdən imtina tələbi Avropa Konvensiyasına ziddir

Son zamanlar polis tərəfindən saxlanılan müxalifət nümayəndələrindən siyasi mübarizənin dayandırılmasının tələb edildiyi barədə məlumatlar yayılır. Oktyabrın 19-da Demokratik Qüvvələrin Milli Şurasının mitinqi ilə əlaqədar saxlanılanlar da bu barədə məlumat veriblər. İnformasiyaya görə, belə bir tələb nəinki sıravi müxalifətçilər, hətta liderlər qarşısında da qoyulur. Belə ki, AXCP sədri Əli Kərimli polislər tərəfindən saxlanıldıqdan sonra, avtobusda döyülərək, ondan kamera qarşısında müxalifətçilikdən əl çəkməsi ilə bağlı bəyanat tələb edildiyini deyib.

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqubluda inzibati həbs zamanı onunla görüşən qızı Nigar Həziyə eyni sözləri deyib. Ondan da müxalifətçilikdən geri çəkilməsi tələb olunub.

Oktyabrın 31-də polis tərəfindən saxlanılan jurnalist Şəmistan Həziyev də eyni şeyləri deyib. Jurnalistdən tələb edilib ki, AXCP-ni dəstəkləməsin.

Bununla bağlı Meydan TV-yə danışan hüquqşünas Samirə Ağayeva hesab edir ki, həbs olunanlara qarşı bu cür praktikanın tətbiqi fikir və söz azadlığının məhdudlaşdırılmasıdır.

“Əgər hansısa müxalifətçini öz fikrindən daşındırmaq məqsədi güdülürsə, bu, Azərbaycanın qoşulduğu Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusudur. Söhbət söz və ifadə azadlığından gedir”, – hüquqşünas deyib.

Samirə Ağayeva bildirib ki, burada məqsəd imtinaya məcbur edib, cəmiyyətə nümayiş etdirməkdir.

Daha çox göstər
Back to top button