Ekspert: “Təzə təyinatların hamısı eyni qruplaşmanın nümayəndələridir…”

Azadlıq Radiosu: Azərbaycanda Ramiz Mehdiyevin Samir Nuriyevlə əvəz olunması, Hacıbala Abutalıbovun, Əli Həsənovun işdən çıxarılması, bəzi gənc, ABŞ təhsilli gənclərin vəzifəyə gətirilməsi islahatdırmı?
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach deyir ki, baş verənlər sadəcə, dəyişiklikdir. Amma bütün dəyişikliklər müsbət və mənfi ola bilər.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hakimiyyətin daimi tənqidçisi Riçard Kazlariç isə deyir ki, gənc kadrların təyinatı maraqlıdır, amma bunun doğrudan da müsbət dəyişiklik olub olmadığını anlamaq üçün onların necə işləyəcəyini gözləmək lazımdır. Keçmiş səfir deyir ki, hələ ki, hakimiyyət yeni imic yaratmaqla məşğuldur:
Riçard Kazlariç deyir ki, bu mesajların rəsmi Vaşinqtona necə təsir etdiyini də bilmir, amma hesab edir ki, hazırda Tramp hökumətinin başı özünə, xüsusilə də impiçment mövzusuna qarışıb. Amma Riçard Kazlariçin fikrincə indi elə dönəmdir ki, hakimiyyətin islahat və dəyişiklik haqqında düşünməsi üçün səbəbləri var.Hakimiyyət nümayəndələri Azərbaycanda islahatların getdiyində israrlıdırlar. Məsələn, rəsmi “Azərbaycan” qəzetinin manşeti bu gün, 5 noyabr sayında belədir: “İslahatlara yeni impuls verilir”.
Qəzet prezident İlham Əliyevin son kadr dəyişikliyi ilə bağlı fərmanlarını islahat hesab edir.
Böyük Britaniyanın Oksford Universitetinin araşdırmaçısı Leyla Əliyeva isə deyir ki, yeni təyinatlar o vaxt hansısa dəyişiklik üçün ümid verərdi ki, yeni adamlar yalnız hakimiyyətin özünə yaxın dairələrdən gəlməyəydi:
“Əgər bu təyinatlar sivil cəmiyyətin içindən gəlsəydi, bunu başa düşərdim və deyərdim ki, bu, ciddi işarədir. Amma təzə təyinatların hamısı eyni qruplaşmanın nümayəndələridir. Yəni, bu təyinatlarla hələ ki, dəyişiklik niyyəti haqqında bir söz demək olmaz”.
Leyla Əliyeva deyir ki, islahatın birinci göstərici azad və ədalətli seçkinin keçirilməsi, vətəndaş cəmiyyətinə işləmək üçün imkan verilməsi, siyasi mühitin liberallaşması olardı, bunlar isə baş vermir.Keçmiş ABŞ səfiri də bunları deyir və diqqəti keçən ay keçirilmiş etiraz aksiyalarında hökumətin davranışına çəkir.
“Hakimiyyət hələ də insanların öz fikirlərini ifadə etməsindən narahatdır və buna əngəl yaradır. Oktyabrın 19-da mitinqin yatırılması çox tipik idi. Biz bunu dəfələrlə görmüşük. Aksiyaya icazə verməmək, əhalini döymək, həbsə atmaq… Onların bir neçəsi hələ də azadlığa buraxılmayıb”.
Bununla belə Kauzlarich hesab edir ki, Əliyev hakimiyyətinin gerçək islahat keçirmək üçün səbəbləri var-məsələn, neftin ucuzlaşması. Keçmiş səfir deyir ki, azalan pullar fonunda hakimiyyət hansısa yeni tədbirlər görməlidir.
O sual edir ki, niyə Əliyevlər qeyri-neft sektorunu indiyə qədər inkişaf etdirməyib, niyə islahat keçirməyib.
İlham Əliyev bu ilin əvvəlindən daha tez-tez islahatlar haqda danışmağa başlayıb. Yalnız kadrlar deyil, nazirlik və komitələr birləşdirilib, struktur dəyişikliyi həyata keçirilib.
Bəzi tənqidçilər isə deyirlər ki, əslində, bütün dəyişikliyin məqsədi prezidentin atasından qalma komandadan azad olmaq, “Paşayev” klanını gücləndirməkdir. Hakimiyyət bu ittihamla bağlı şərh verməyib.