Azərbaycanda siyasi məhbusların sayı 135 nəfərə çatıb

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq (ASMAUİ) siyasi motivlərlə mühakimə olunanların yenilənmiş siyahısını açıqlayıb. Siyahıda 135 nəfərin adı var.
Təşkilatın koordinatoru Elşən Həsənov bildirib ki, sentyabrın əvvəlində açıqlanmış 117 nəfərdən ibarət siyahı üzrə iki dindar və hüquq müdafiəçisi Əlabbas Rüstəmov azadlığa çıxıb.
“Eyni zamanda, siyahıya Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Paşa Umudov daxil olub. O, ötən ay narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. “Gəncə işi” üzrə adı keçən 20 nəfər də siyahıya daxil edilib. Ötən müddətdə onların barəsində hökm çıxarılıb,” o qeyd edib.
135 siyasi məhbus 7 qrupa ayrılıb.
“Jurnalistlər və blogerlər” qrupuna 6 nəfər daxildir.“Müxalifət partiyalarının və hərəkatların üzvləri – 7 nəfər. Ən çox məhbus “dindarlar” qrupundadır -53 nəfər. “Gəncə işi” üzrə siyasi məhbusların sayı artıb. Əgər 2019-cu il sentyabr tarixli siyahıda 31 nəfər vardısa, indi onların sayı 51 nəfərdir. “Ömürlük məhbuslar” qrupuna 14 nəfər daxildir.