BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq edib

Noyabrın 9-da Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Razim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.
Bu barədə APA-ya Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, idarədə onlara noyabrın 12-də paytaxtda hər hansı bir aksiya keçirəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında piket keçirmək barədə qərar qəbul edib və bununla bağlı quruma müraciət edib. BŞİH piketə razılıq verməyib.
Bundan sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.