Təhlil

Azərbaycanda KİV azadlığının möhkəmləndirilməsi üçün beynəlxalq səylər kifayət etmir

Azərbaycan hakimiyyəti informasiya siyasətinə yenidən baxılması zərurətini anlamağa başlayıb. Bu fikri Turan-a müsahibəsində “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Riqada keçirilən mətbuat konfransının məruzəçilərindən biri, “Ecorys Consirtium” araşdırma qrupunun rəhbəri Maykl Randol bildirib.

“Son vaxtlar həmkarlarım tez-tez deyirlər ki, Azərbaycan hakimiyyəti belə informasiya siyasəti aparmağa davam etmək olmaz. Hakimiyyət dərk edir ki, əsas telekanalların maliyyələşdirilməsinə baxmayaraq, əhali onlara baxmır və çoxları Türkiyə və Rusiya TV-lərinə keçib.

Mənim hesablamalarıma görə, əhalinin 70%-i xarici mənbələrdən xəbər almağa üstünlük verir. Bu, KİV və TV-yə böyük maliyyə vəsaiti ayıran dövlət üçün ciddi problemdir”, deyə Randol bildirib.

Azərbaycanda başqa ölkələrdə olmayan KİV-ə dəstək fondu var və o, əsasən hakimiyyəti dəstəkləyən çap KİV-lərini maliyyələşdirir. Ölkədə reklam bazarı çox kiçikdir və ölkənin ÜDM-i ilə müqayisəyə belə gəlməz. “ÜDM-i Azərbaycandan daha az, reklam bazarı isə dəfələrlə böyük olan ölkələr var”, deyə Randol qeyd edib.

Ekspert hesab edir ki, beynəlxalq ictimaiyyət, donorlar qoyulmuş məhdudiyyətlər çərçivəsində belə Azərbaycan KİV-lərinin üfüqünün genişləndirilməsi prosesində iştirak etməlidirlər. “Bilirik ki, bəzi tənqidi əhval-ruhiyyəli saytlar bloklanıb, redaktorlar tənqidi materiallara görə prokurorluğa və DİN-ə çağırılır. Beynəlxalq ictimaiyyət Azərbaycanda azad KİV dəyərlərini təşviq etmək üçün kifayət qədər addım atmır. Heç kim Azərbaycan hakimiyyəti ilə münaqişə aparmaq istəmir, amma problemlər haqqında danışmaq olar. Bu, həm Avropa Komissiyasına, həm də səfirliklərə, beynəlxalq təşkilatlara və donorlara aiddir. Bu məsələləri qaldırmaqla Azərbaycan hakimiyyətinə öz mövqelərini göstərə və konstruktiv olaraq problemlərin həllini istəyə, bununla da beynəlxalq ictimaiyyətin biganə müşahidəçi olmadığını sübut edə bilərlər”, deyə o fikrini tamamlayıb. 

Daha çox göstər
Back to top button
Close