Oqtay Gülalıyevlə bağlı beynəlxalq istintaq istənilir

Noyabrın 21-də Müsavat Partiyasının qərargahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin növbəti toplantısı keçirilib.
“Turan” informasiya agentliyi xəbər verir ki, toplantı Komitənin koordinatoru Oqtay Gülalıyevin oktyabrın 29-da avtomobil qəzasına düşdükdən sonra fəaliyyətini davam etdirə bilməməsi və işgəncə şikayətlərinə həsr edilib.
Komitə üzvü Eldəniz Quliyev bildirib ki, artıq ölkədə işgəncələr genişlənərək bütün qırmızı xətləri keçib: «Artıq işgəncə sıravi, nisbətən az tanınan şəxslərə yox, partiya, təşkilat liderlərinə də verilir. 19 oktyabr aksiyasında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya və istiqlalçı millət vəkili İbrahim İbrahimliyə işgəncə verilib».
E.Quliyev bildirib ki, bu işgəncə və repressiyaların qarşısını almaq üçün vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar səylərini artırmalıdır.
AXCP sədri Əli Kərimli isə deyib ki, artıq ölkədə işgəncə siyasi mübarizə vasitəsinə çevirib.Ə.Kərimli bu məsələlərlə bağlı beynəlxalq sanksiyanın (Maqnitski siyahısı) tətbiq olunmasını da vacib sayıb.
Daha sonra toplantıda yekun bəyanat qəbul edilib. Bəyanatda qeyd edilib ki, son vaxtlar Azərbaycanda işgəncə halları artmaqdadır.