Repressiya və İşgəncələrə Qarşı Komitə Azərbaycanda baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb

Turan agentliyi yazır ki, Repressiya və İşgəncələrə Qarşı Komitə Azərbaycanda baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb.
Bəyantda deyilir ki, Azərbaycan hakimiyyəti artıq xeyli vaxtdır ki, işgəncəni əsas istintaq vasitələrindən birinə çevirib. Son illərdə baş vermiş Nardaran işi, Gəncə işi, Tərtər işində törədilən çoxsaylı işgəncə faktları artıq Azərbaycan ictimaiyyətinə bəllidir. Eyni zamanda bir sıra cəzaçəkmə yerlərində, polis idarə və bölmələrində, xüsusilə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) insanlara verilən çoxsaylı işgəncələr barədə cəmiyyət məlumatlıdır. Məhz bu səbəbdən bir neçə ay öncə ölkənin bir çox tanınmış hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri İşgəncələr Əleyhinə Komitə adı altında birləşdi və yeni yaradılan bu qurumun koordinatoru olaraq hüquq müdafiəçisi, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev seçildi.
Qeyd olunur ki, bu ilin 19 oktyabrında Milli Şuranın təşəbbüsü ilə Bakının mərkəzində keçirilən mitinq zamanı hakimiyyət işgəncəni daha genişçəkildə tətbiq etməyə başladı. Məhz 19 oktyabr mitinqi zamanı müxalifətin tanınmış simalarına – AXCP sədri Əli Kərimliyə, Milli Şura Koordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublu və İbrahim İbrahimliyə hətta Azərbaycan miqyasında da indiyədək görünməmiş şəkildə ağır işgəncələr verildi. Eyni zamanda mitinq iştirakçısı olan yüzlərlə insan polis zorakılığı ilə üzləşdi. Bütün bunlar Azərbaycanda işgəncələrə qarşı mübarizəni daha da aktuallaşdırır. 19 oktyabra qədər işgəncəyə bir qayda olaraq cəmiyyətdə tanınmamış şəxslər məruz qalırdısa, həmin gün və sonra ölkənin dünya çapında tanınan siyasi xadimlərinə qarşı və nümayişkaranə şəkildə işgəncə verildi ki, bu da işgəncənin artıq İlham Əliyev hakimiyyətinin dövlət siyasətinə çevrildiyini göstərir.
“Biz beynəlxalq təşkilatlara müraciət edirik: Azərbaycan hakimiyyətinin işgəncəni bir siyasi alətə çevirməsinə səssiz qalmayın. Avropa Şurasının üzvü olan, Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişi hazırlanan bir ölkədə işgəncənin dövlət siyasətinə çevrilməsinə, dövlət başçısı İlham Əliyevin öz rəqiblərinə işgəncə verdirməsinə səssiz qalmayın. Azərbaycan hakimiyyətindən öz beynəlxalq öhdəliklərinə, o cümlədən işgəncə və pis rəftardan imtinaya dair öhdəliyini yerinə yetirməyi tələb edin”,-deyə bəyanatda vurğulanır.