Əli Kərimli: Şərtlərimiz heç qəbul olunmazsa, seçkiləri boykot edəcəyik

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli növbədənkənar parlament seçkilərinin vaxtının müəyyən olunmadığı halda müxalif düşərgədə qarşılıqlı ittihamların başlamasını və gedən müzakirələrin qeyri-ciddi məcraya yönəlməsini pisləyib.
YAP-dan olan deputatlar parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etdikdən sonra növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr zamanı müxalifət nümayəndələri arasında qarşılıqlı ittihamlar səsləndirilməyə başlayıb.
Anar Məmmədli hesab edir ki, ən ideal variant minimum 100 seçki dairəsində siyasi qrupların vahid seçki siyahısı ilə iştirakı olardı. Amma bu təşəbbüsü həyata keçirmək üçün ortada danışıqlar aparan, təkliflər açıqlayan siyasi təşkilat yoxdur:
“Heç bir təşkilatın 25 dairədə güclü yarış üçün maddi-texniki, təşkilati və insani resursu yoxdur. Cəmi 25 dairədə demokratik düşərgə adına yarışmaq isə həm milli, həm də beynəlxalq səviyyədə müxalifətin ölkədə siyasi azlıq olduğunu etiraf etməsi olacaq. Hazırda bir neçə siyasi qrup, ictimai fəal və bitərəf şəxs seçkidə nəyin bahasına olursa olsun iştirakın tərəfdarı, digər bir siyasi qrup isə mövcud siyasi şərtlər dəyişmədikcə iştirakın əleyhinə olduğunu bildirir. Anladığım qədər aktiv boykotdan söhbət getmir”.
Anar Məmmədli hesab edir ki, Milli Şura rəhbərliyinin seçkilərdə iştirakla bağlı qərarını dəqiqləşdirməyə ehtiyac var ․
AXCP sədri Əli Kərimli Meydan TV-nin bu barədə sorğusuna cavabında bildirib ki, seçki və onun özü haqqında qərar qəbul olunmayıb:
“Biz seçkilərin təyin edilməsini gözləyirik. Bundan sonra şərtlərimiz qəbul edilməyəcəksə, hətta bir qismi qəbul olunsa, seçkidə iştirak edib-etməmək barədə yenidən müzakirə aparılacaq. Ancaq şərtlərimiz heç qəbul olunmazsa, seçkiləri boykot edəcəyik. Boykotu aktiv, yoxsa iştirak etməmək formasını isə əlavə müzakirə edəcəyik”.