İsa Qəmbər: Rejim çıxış yolunu hakimiyyətin ailədaxili ötürülməsində görür

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Milli Məclisin keçmiş sədri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Azərbaycandakı seçki mühiti və parlamentin buraxılmasının səbəblərindən danışıb.
İsa Qəmbər: “Hakimiyyət böhran içindədir. Uzunmüddətli bir böhrandır. Son illər vəziyyət iqtisadi cəhətdən xeyli ağırlaşıb. İndi də hakimiyyətdaxili problemlər öz təsirini göstərir. Görünür bu rejim vəziyyətdən çıxış yolunu hakimiyyətin ailədaxili ötürülməsində görür. Bu addımı hazırlayır. Bununla bağlı bir sıra dəyişikliklər həyata keçirirlər. Hesab edirəm ki, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bununla bağlıdır. Ailədaxili hakimiyyət dəyişikliyinə daha çox yararlı bir parlament formalaşdırmaq istəyirlər.
Eyni zamanda bu versiya da səslənir ki, Maltada qətlə yetirilmiş jurnalistin qətli ilə bağlı yeni məlumatların ortaya çıxması, təəssüf ki, Azərbaycana da aid olan hadisədir. Hakimiyyətin də adı hallanır. Ola bilər ki, bu ərəfədə bu addımı atmaqla üstəlik də bəyanat verib avrointeqrasiyaya getməyəcəklərini bildirməklə də vəziyyəti dəyişməyə çalışırlar. Hər halda bunlar versiyalardı”.
O qeyd etdi ki, Azərbaycandakı rejimin azad, ədalətli seçki keçirmək imkanı yoxdur.