Siyasət

Cəmil Həsənli: Növbədənkənar seçki qərarının islahatla heç bir əlaqəsi yoxdur

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin keçirilməsinə dair sərəncam imzalayıb. Sərəncamla Azərbaycanın Milli Məclisi buraxılır, növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri, Azərbaycanda seçki mühiti və müxalifətin strategiyasından danışıb.

“Mən hesab edirəm ki, bu addımla müxalifəti deyil, cəmiyyəti hakimiyyət qəfil yaxalayır. Yəni cəmiyyətin parlament seçkiləri barədə fikirləşmək vaxtı olmalıdır. Buna insanlar daxilən hazır olmalıdırlar. Və bu gün sual olunur: bu seçkiləri oktyabrda keçirməklə fevralda keçirməyin nə fərqi var? Sadəcə hakimiyyət bütün konstitusion dəyişiklərdə bilavasitə öz maraqlarını, ailə maraqlarını, avtoritar və totalitar maraqları ehtiva etdiyinə görə seçki təyinatında da ona uyğunlaşır”- deyə, Cəmil Həsənli bildirib.

Milli Şuranın sədri “müxalifətin bu seçkilərə hazır olub-olmamasından asılı olmayaraq bu seçkilərin anti-konstitusion xarakter daşıdığını” deyib. O, növbədənkənar seçkilərin keçirilməsi qərarının gözlənilməz olmadığını qeyd edib. Cəmil Həsənli Milli Şuranın seçkilərə “nəzəri və praktik baxımdan” hazır olduğunu deyib.

“Mən deyə bilərəm ki, bizim üçün bu gözlənilməz deyildi. Bizim əgər müzakirələrə, bu müzakirələr haqqında verdiyimiz informasiyalar, sosial mediada yazdığımız fikir və mülahizələrə diqqət yetirsələr, biz bu seçkiləri gözləyirdik. Və hətta bu ilin iyul ayında Milli Şuranın koordinasiya mərkəzinin üzvü Gültəkin xanım Hacıbəyli bununla bağlı ayrıca bir yazı ilə çıxış etmişdi və bu növbədənkənar seçkilərin gözlənilən, qaçılmaz olduğunu vurğulamışdı. Əlbbətə, mən ayrı müxalifət qüvvələri barədə deyə bilmərəm, amma Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası əgər ölkədə bu seçkilərə hazır olan bir-iki qurum varsa, mən hesab edirəm ki, bunlardır. Yəni seçki hazırlığı ilə bağlı istər nəzəri cəhətdən, istər praktiki baxımdan hazırdır, amma iştirak edib-etməmək bir az ayrı məsələdi.”

Cəmil Həsənli Azərbaycan hökumətinin növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarının ölkədə aparılan islahatlar kursuna dəstəklə bağlı olduğuna dair iddialarına münasibət bildirib.

“İslahat inzibati idarəçilik sistemində dəyişikliyə gətirib çıxartmalıdır. Bunun üçün icra strukturları öz əllərində toplanmış hakimiyyətin bir hissəsini seçkili orqanlara verməlidir. Azərbaycan hakimiyyəti buna hazır deyil. İlham Əliyev buna hazır deyil. Ona görə də bunun islahatla heç bir əlaqəsi yoxdur.”

Cəmil Həsənli parlamentin buraxılmasının Milli Məclisin “işi ilə bağlı narazılıqlarla” əlaqədar olduğuna dair fikirlərlə razılaşmadığını bildirib.

Cəmil Həsənli seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün “minimum şərtlərin” təmin olunmasının vacibliyini vurğulayıb. “Azərbaycan ictimaiyyətinin, beynəlxalq birliyin indiyə qədər saxta hesab etdiyi seçkiləri keçirən komissiyalar yenə də iş başındadır”- deyə, o bildirib.

Daha çox göstər
Back to top button